Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında məktəblər arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə 3 nömrəli tam orta məktəbin birgə təşkil etdiyi yoldaşlıq görüşündə Naxçıvan Şəhər Qızlar Liseyinin və təşkilatçı məktəbin qız komandaları mübarizə aparıblar. Tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, 3 nömrəli tam orta məktəbin direktoru Pərvin Mirzəyeva muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışaraq bildiriblər ki, bugünkü görüşün keçirilməsində məqsəd qızları idmana cəlb etməkdən ibarətdir. Görüşdə 2:1 hesabı ilə Qızlar Liseyinin komandası qalib gəlib.
Sonda hər iki komandaya təşkilatçıların diplom, fəxri fərman, kubok və hədiyyəsi təqdim edilib.
Ceyhun Məmmədov