Kişi voleybolçular arasında Azərbaycan çempionatının iştirakçısı “Naxçıvan” komandası yeni baş məşqçi, rusiyalı mütəxəssis Aleksandr Çornı ilə növbəti dövrənin oyunlarına hazırlaşır. Yüksək liqada böyük hədəfləri olan Aleksandr Çornı bizimlə söhbətində hazırlıq prosesini dəyərləndirdi.
– SSRİ çempionu, SSRİ kubokunun qalibi, eyni zamanda dünya və Avropa çempionatının mükafatçısı olmusunuz. Məşqçilik karyeranıza məhz Rusiyada başlamısınız. Başqa bir ölkədə çalışmaq sizə çətin gəlmir?
– Əslində, peşəkar bir məşqçi üçün heç nə çətinlik yarada bilməz. Məşqçi öz işini sevirsə, o, öz ölkəsi ilə yanaşı, digər ölkələrdə də bildiklərini, bacardıqlarını başqalarına öyrətməlidir. Mənə Azərbaycanda işləmək təklif olunanda razılaşdım. Danışıqlardan sonra mənə dedilər ki, Naxçıvan komandasında məşqçiyə ehtiyac var və bu komandanın hədəfləri böyükdür, həmçinin bölgədə voleybolun yüksəlişinə nail olmaq istəyirlər. Təklifi qəbul edib Naxçıvan komandasının hazırlıqlarına başladım. İndi görürəm ki, səhv qərar verməmişəm: şərait və istək var, heyətimiz gənc voleybolçulardan qurulub.
– Artıq 3 həftədən çoxdur ki, Naxçıvandasınız. Voleybol üzrə Azərbaycan çempionatında yüksək dəstənin üçüncü dövrəsinin başlanmasına az bir zaman qalıb. Komandanın hazırlıqları necə gedir?
– Növbəti dövrəyə ciddi hazırlaşırıq. Hər bir məşqçinin məqsədi olduğu kimi, mənim də əsas hədəfim çempionatı ilk 3 pillədə başa vurmaq və pley-off-da mübarizə aparmaqdır.
– Bəs Naxçıvana gəldikdən sonra sizi təəccübləndirən nə oldu?
– İlk məşq günümdə Azərbaycan Voleybol Federasiyasının nümayəndələri də burda idi. Məşqə başlamamışdan öncə meydanda 21 voleybolçu var idi, çox təəccübləndim. Elə ilk məşqdən sonra 16 nəfərin məşqə davam edəcəyini bildirdim. Çünki mən heyəti formalaşdırmaq üçün seçim etməli idim və indi heyətdə 12 yerli voleybolçu qalıb. Digər iki voleybolçu isə legionerdir.
– Elə legionerlərdən söz düşmüşkən, məşqlərə başlayarkən iki legioner komandaya dəvət olunmuşdu. İndi isə bunların sayı üçdür...
– Bəli. Aleksandr Vasilyev və Dmitri Baranovla ilk məşqdə tanış oldum. Sonra heyətimizə rusiyalı Roman Vitsenkonu qatdıq. Onu çox yaxşı tanıyıram, vaxtilə rəhbərlik etdiyim komandada oynayıb. Təcrübəli, eyni zamanda istedadlı voleybolçudur. İndi onlar komanda ilə məşq proseslərində bir-birlərinə alışmağa çalışırlar. Məqsədimiz yerli voleybolçuları yetişdirmək və onları Naxçıvan idmanına bəxş etməkdir.
– Yerli oyunçulardan daha çox diqqətinizi kimlər cəlb edir?
– Heyətimizdə gələcəkdə daha təcrübəli ola biləcək Asif, Kənan və Pərvin var. Onlarda top qəbulu, blok yaxşı alınır. Eyni zamanda Polad və Kamran da çox təcrübəli voleybolçulardır. Lakin üzərlərində ciddi və çox çalışmalıdırlar. Yaxşı ötürmə qabiliyyəti olan Ülvi və Şamili, sürətli oyunu sevən Teymuru qeyd edə bilərəm. Bilirsiniz, hər bir idman növündə yerli idmançılar legionerləri üstələməlidirlər. Çünki onların üzərinə daha çox məsuliyyət düşür.
– Qeyd etdiniz ki, məqsəd pley-off-da mübarizə aparmaqdır. Ümumiyyətlə, bura gələrkən qarşınıza hansı vəzifələr qoyulub?
– Naxçıvanda voleybola maraq çoxdur. Hətta bizim sadiq azarkeşlərimiz də var və hər məşqdə onları görüb salamlaşırıq. İnanıram ki, onlar oyunlar zamanı zalı tam olaraq dolduracaqlar və bizə əlavə güc verəcəklər. Komandamız yeni formalaşmağa başlayıb: məşq avadanlıqları, toplar gətirilib, tibbi personal yaradılıb. Azərbaycan çempionatında çıxış edən digər komandaların güclərinə bələd deyiləm. Amma idmanda belə bir deyim var: idmançılarla məşqçinin istəyi birləşsə, bacarmayacağınız bir şey yoxdur. Bizi də qarşımızdakı hədəfə yalnız gücümüz aparacaq. Bizdən tələb olunan isə voleybolun inkişafı və muxtar respublikada bu idman növünü bacardığımız qədər təbliğ etməkdir.
– Komanda uğurlu çıxış edib Avropada iştirak etmək hüququ qazanarsa, o zaman Naxçıvan idmanında tarixə düşəcəksiniz...
– İstəyim də budur: uğur qazanmaq və komandamı digərlərindən yüksəkdə görmək. İstəyimə çatmaq üçün komandanı daha ciddi hazırlamalı və idmançılara qələbə motivasiyası verməliyəm. İstəyirəm ki, mən nə vaxtsa buradan getdikdən sonra gördüyüm işin nəticəsi xatırlansın.
– Yəqin şəhəri gəzməyə vaxtınız olub. Naxçıvanda ən çox nəyi bəyənirsiniz?
– Düzünü deyim, şəhəri tam olaraq gəzmək imkanım olmayıb. Ancaq məşq-mehmanxana, mehmanxana-məşq. Lakin insanlar məni yolda görərkən diqqətlə yanaşırlar ki, bu da məni hədsiz dərəcədə xoşbəxt edir. Bu cür insanları tanımaq mənim üçün böyük qürurdur.
Ceyhun Məmmədov