22 Dekabr 2024, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı davam edir. Festivalda iştirak edən hakimlər, beynəlxalq qrossmeysterlər, məşqçilərlə görüşüb təəssüratlarını öyrənirik:
İlqar BACARANİ – beynəlxalq dərəcəli hakim, beynəlxalq usta, şahmat üzrə əməkdar məşqçi:
– Artıq üçüncü dəfədir ki, Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən Beynəlxalq Şahmat Festivalında iştirak edirik. Əvvəlki illərdə olduğu kimi, bu il də festival çox təntənəli şəkildə keçir. Burada şahmatçılar 3 qrupda – “A”, “B”, “C” qruplarında mübarizə aparırlar. “C” qrupunda 12 yaşadək uşaqlar, “B” qrupunda reytinq əmsalı 1250-dən aşağı olan şahmatçılar, “A” qrupunda isə reytinq əmsalı 2250-dən yuxarı olan zəka sahibləri yarışırlar. Əvvəlcə “A” qrupunda yarışan şahmatçılar haqqında onu demək istərdim ki, bu qrupda yarışan şahmatçılar, əsasən, dünyanın aparıcı şahmat ölkələrini təmsil edirlər. Onlar arasında Azərbaycan yığma komandasının üzvləri də var. Mükafat fondu, şahmatçılar üçün yaradılan şərait kifayət qədər cəlbedicidir və buna görə də bu festivalda yüksək reytinqə sahib şahmatçıların oyununu izləyə bilirik. Onu da qeyd edim ki, şahmat festivalında “A” qrupunun oyunlarını internet üzərindən bütün dünya izləyir.

– Sizcə, Naxçıvan şahmatçıları hansı müddətdə beynəlxalq arenada öz sözünü deyə biləcək?
– Bildiyiniz kimi, mən Şahbuz Rayon Şahmat Məktəbində məşqlər aparıram. Onu deyə bilərəm ki, bu gün muxtar respublikada şahmat idman növünün inkişafına böyük diqqət və qayğı var. Mənim və mənim kimi bir neçə təcrübəli məşqçinin muxtar respublikaya dəvət olunması elə bu qayğıdan xəbər verir. Bu gün muxtar respublikada şahmat idman növünə böyük həvəs göstərən bir nəsil yetişməkdədir. Uşaqların oyun yaradıcılığı yüksək səviyyədədir. Düzdür, muxtar respublika blokadada olduğu üçün Azərbaycan miqyaslı yarışlarda uşaqların kütləvi iştirakı bir az məhduddur. Ancaq əsas olan odur ki, qələbə qazanmaq üçün istək var. Şahmat elə bir idman növüdür ki, ona göstərilən diqqət bir neçə ildən sonra bəhrələrini verməyə başlayır. Bu, dünya təcrübəsində təsdiq olunan fikirdir. İnanıram ki, qısa müddətdə Naxçıvan şahmat sahəsində daha böyük nailiyyətlər əldə edə biləcək.
– Orta məktəblərdə keçirilən şahmat dərslərinin effektivliyini necə dəyərləndirirsiniz?
– İndi məktəbli uşaqlar sərbəst oyun şəraitində keçirilən dərslərdə həvəslə iştirak edirlər. Bu uşaqlar şahmatla ilk dəfə elə orta məktəbdə tanış olur və yaxşı nəticələr göstərirlər. Bu dərslər uşaqların məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsindən başqa, daha qabiliyyətliləri artıq 8-9 yaşında müəyyən etməyə imkan verir. Daha sonra onların məşqlərini ixtisaslaşdırılmış dərnək və məktəblərdə davam edə bilmək imkanları olur. Seçimi biz edirik və düşünürəm ki, bu seçimlər yaxşı effekt verir. Bir məşqçi müəllim kimi məktəbdə şahmat dərslərini təşkil etmək təşəbbüsünü alqışlayıram. Mən elə bilirəm, bütün valideynlər də belə düşünürlər. Bir də ki, şahmatın rəqabətçilik ruhu bizim təfəkkürümüzə uyğun gəlir. Şahmat aydın məqsədi olan, intizamlı və sistemli düşünmə qabiliyyəti olan insanlar yetişdirir.
– Müsahibə üçün sağ olun! 

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR