“Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında fevralın 3-dən start götürən və 3 gün davam edən kikboksinq üzrə Azərbaycan çempionatına yekun vurulub.
Bakı Əl Oyunları İdman Sarayında keçirilən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançıları da mübarizə aparıblar. 67 kiloqram çəki dərəcəsində rinqə çıxan Ruslan Musayev finala gedən yolda Samir Musayevə, ardınca isə Elməddin Baxşəliyevə nokautla qalib gələrək yarımfinala yüksəlib. Həlledici qarşılaşmadan öncə Turan Qafarovu məğlub edən idmançımız finala yüksəlib. Final görüşündə isə onun rəqibi Arzuman Qədimov olub. Görüşü daha üstün keçirən Ruslan Musayev böyüklər arasında Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, Ruslan Musayev indiyə qədər gənclər arasında 8, böyüklər arasında isə bir dəfə Azərbaycan çempionu olub.
Ceyhun Məmmədov