Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin V-VI sinif şagirdləri arasında “Şən startlar” əyləncəli idman yarışı keçirilib. Yarışda 2 komanda – “ Forsaj” və “ İdmançılar” iştirak edib.
Yarışdan əvvəl məktəbin müəllimlərindən İslam Hüseynov, Səbinə Bayramova məktəblilər arasında idmanın kütləviliyinin əhəmiyyətindən, muxtar respublikanın təhsil müəssisələrində müxtəlif idman növləri üçün yaradılan şəraitdən danışıblar. Qeyd olunub ki, hər bir məktəbli bu şəraitdən lazımınca bəhrələnərək sağlamlığının qayğısına qalmalı, idman yarışlarında aktivlik nümayiş etdirməlidir.
Sonra yarış başlanıb. “Şən startlar” yarışında müxtəlif idman oyunları üzrə “Forsaj” və “ İdmançılar” komandaları öz qüvvələrini sınayıblar. Münsiflər heyətinin qərarına əsasən, “İdmançılar” komandası birinci olub. Qalib komandaya mükafatlar verilib.
Xəbərlər şöbəsi