Naxçıvan Müəllimlər İnstitutunun tələbələri internet vasitəsilə beynəlxalq tələbə yarışmalarına qatılaraq uğurlu nəticələr əldə ediblər. Belə ki, institutun IV kurs tələbələrindən Murad Məmmədov “XI Beynəlxalq Türk Dili Olimpiadası”na “Hacı Zeynalabdin Tağıyev – sevdamın adı millət” mövzusunda təqdim etdiyi yazısı ilə birinci yerə çıxaraq yarışmanın sonuncu turunda iştirak etmək hüququ qazanıb. Yaqut Rəhimova isə 18-21 aprel 2013-cü il tarixdə İstanbul şəhərində təşkil edilən Avropada ən böyük tələbə assosiasiyası olan “Avropa Tələbə Forumu”nun (AEGEE-yə) “Şəbəkə görüşü”nə dəvət alıb. Qeyd edək ki, “Dünya bir səma altında toplansın” adı ilə gənclərin mədəni inteqrasiyasını təşkil edən bu tədbir əvvəllər Parisdə, Milanda və Londonda keçirilib.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Murad Məmmədov və Yaqut Rəhimova ilə görüş keçirilib. Görüş zamanı onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib. Sonra Murad Məmmədov və Yaqut Rəhimova qazandıqları bu uğurlara görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti