Naxçıvan mötəbər bir şahmat bayramına, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Festivalın baş hakimi, beynəlxalq dərəcəli hakim Faiq Həsənovla həmsöhbət olduq:
– Faiq müəllim, Azərbaycanda şahmat idman növünün inkişafını necə dəyərləndirirsiniz?
– Gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmat Azərbaycanda yüksək inkişafla irəliləyən və çox sevilən bir idman növüdür. Tarix boyu zəngin şahmat ənənələrinə malik ölkəmizdə idman və bədən tərbiyəsi hərəkatının yüksək inkişaf yoluna qədəm qoyduğu müasir dövrdə də şahmatçılarımız nüfuzlu yarışlarda qələbələr əldə edirlər. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan şahmatçılarını daim diqqət və qayğı ilə əhatə etmiş, onların peşəkarlıq səviyyələrinin yüksəlməsi üçün xüsusi sərəncamlar imzalamışdır. Bu prosesi uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” dünya ölkələri təcrübəsində şahmat idman növünün inkişafına yönəldilən ilk proqram kimi müasir idman tariximizə daxil olmuşdur. Bu gün ölkəmizdə şahmat idman növünə maraq günü-gündən artır. Demək olar ki, bütün regionlarda müasir şəraitə malik şahmat mərkəzləri tikilib istifadəyə verilmişdir. Bu qayğının nəticəsi olaraq, şahmatçılarımız dünyamiqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Azərbaycanın şahmat üzrə yığma komandası dünyanın ən güclü komandaları arasında ön sıralardadır. Şahmatçılarımızın qələbələri həm də Azərbaycanın intellektual potensialını göstərir. Belə mötəbər yarışa Naxçıvan Muxtar Respublikasının ev sahibliyi etməsi regionda şahmat idman növünün yüksək inkişafından, bu sahədə müasir infrastrukturun yaradılmasından xəbər verir.
– Budəfəki festivalın gedişi ilə bağlı nə deyə bilərsiniz?
– Əvvəla, onu qeyd edim ki, yüksək reytinqli şahmatçıların iştirakına görə builki festival xüsusilə fərqlənir. “A” qrupunda yüksək reytinqli şahmatçılar yarışırlar. Azərbaycan yığmasının iki üzvü istisna olmaqla, bütün heyət burada qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarışlarda güclülər ilk turda zəiflərlə yarışırlar. Maraqlı burasıdır ki, reytinq əmsalı yüksək olan şahmatçılarla görüşlərdə reytinq əmsalı az olan Azərbaycan şahmatçıları yaxşı nəticə göstəriblər. Əksər görüşlər bərabərliklə başa çatıb. Azərbaycan şahmatçısı Gülnar Məmmədova keçmiş dünya çempionu Xalifmanla görüşmüşdü. Xalifman özü etiraf etdi ki, o, oyunu rəqibinə təslim etmək belə istəyib. Ancaq sonda Xalifman qalib gəldi. Bu da onu göstərir ki, yarışda təcrübə öz sözünü deyir. Ancaq bütün bunlara baxmayaraq, gözlənilməz nəticələr də ola bilər. Burada Naxçıvan Muxtar Respublikasından da onlarla şahmatçı iştirak edir və əzmlə yarışırlar. Naxçıvan şahmatçılarından Talıb Babayev və Ürfan Sevdimalıyevdən yaxşı nəticələr gözləyirik. Bu çempionatın gedişində biz ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə blits-turnir təşkil edəcəyik. Bu turnirdə güclü şahmatçılar 90 nəfər muxtar respublika şahmatçısına 90 lövhədə seans verəcək. Əminəm ki, bu qarşılaşma muxtar respublika şahmatçılarının yarış təcrübəsi qazanması baxımından yaddaqalan olacaq.
– Naxçıvan Muxtar Respublikasında keçirilən növbəti Beynəlxalq Şahmat Festivalı necə təşkil olunub?
–“Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalında 16 ölkədən 260-a yaxın şahmatçı iştirak edir. Turnir üç yarımqrupda keçirilir. Şahmatçılar şəxsi əmsallarına görə “A”, “B” və “C” qruplarında mübarizə aparırlar. Beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 2-də yekunlaşacaqdır. Yarışda keçmiş dünya və Avropa çempionları, 31 beynəlxalq qrossmeyster, 13 beynəlxalq şahmat ustası və 5 FİDE ustası iştirak edirlər. Muxtar respublikanı festivalda 62 şahmatçı təmsil edir. Xatırlatmaq istərdim ki, hələ 2003-cü ildə Naxçıvanda gənc şahmatçıların dünya çempionatı keçirilmişdi. Ötən illərdə keçirilən “Naxçıvan Open-2011”, “Naxçıvan Open-2012” Beynəlxalq Şahmat festivalları muxtar respublikanın beynəlxalq yarışların keçirilməsində hansı imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Festivallar yüksək səviyyədə təşkil edilmişdi. Yarışlar barədə beynəlxalq şahmat aləmində çox yaxşı fikir yaranmışdı və dünya çempionatları içərisində Naxçıvanda keçirilən bu yarışlar ən yaxşılardan biri sayılmışdı. Onu da deyim ki, belə açıq festivallarda çox nadir hallarda tanınmış, yüksək reytinqli şahmatçıları görmək olar. Məqsədimiz o idi ki, Naxçıvanda keçirilən bu festivalda dünyanın məşhur, tanınmış şahmatçıları iştirak etsin, turnir, həqiqətən də, yüksək səviyyəli olsun. Bu turniri keçirərkən Naxçıvanda fəaliyyət göstərən Şahmat Mərkəzinin imkanlarını da nəzərə almışıq. Burada iştirak edən şahmatçılar da etiraf edirlər ki, belə gözəl, hər cür imkanlara malik Şahmat Mərkəzini çox az ölkədə görmək olar. Dünyanın müxtəlif guşələrindən gəlmiş şahmatçıların yüksək səviyyədə qarşılanması, onların asudə vaxtlarının təşkili istiqamətində görülən işlər qonaqlarda xoş təəssüratlar yaradıb. Onlar bir daha görürlər ki, Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevə nə qədər dərin hörmət və ehtiram var, dahi rəhbərin xatirəsinə həsr edilən festivalda hər bir kiçik təfərrüata xüsusi diqqət yetirilib, təşkilatçılıq zərgər dəqiqliyi ilə aparılıb. Məncə, bu, blokadada olan Naxçıvan üçün böyük nailiyyətdir və festivalın əhəmiyyətini son dərəcə artırır. Naxçıvanı dünyadan ayrı salmaq istəyənlərə ən yaxşı cavabı da elə Naxçıvan özü verir: idman, mədəniyyət, incəsənət və digər sahələrdəki uğurları ilə yalnız fiziki blokadada olduğunu bütün dünyaya sübut edir, mənən bütün sərhədləri aşır, inkişaf edən dünyaya inteqrasiya olunur. “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı buna əyani misaldır.
– Maraqlı söhbət üçün sağ olun.
Səbuhi HÜSEYNOV