19 May 2024, Bazar

Dünən Daxili Qoşunların Naxçıvan Alayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Fövqəladə Hallar nazirlikləri, Naxçıvan Qarnizonu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun muxtar respublika zona birinciliyi keçirilib.
Birincilik başlanmazdan əvvəl komandaların hazırlığı ilə bağlı baş hakimə raport verilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənc­lərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov və Naxçıvan Qarnizonunun zabiti Hacı Məmmədov çıxış edərək ölkəmizdə gənclərə və ordumuza göstərilən dövlət qayğısından danışıblar.
Qeyd edək ki, yarışda rayon (şəhər) mərhələlərində qalib olmuş 9 komanda mübarizə aparıb. Oyun X-XI sinif şagirdləri arasında keçirilib və komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı üzrə məharətlərini göstəriblər. Yarışın yekun nəticəsinə görə, Şahbuz şəhər tam orta məktəbinin komandası birinci, Ordubad şəhərindəki internat məktəbin komandası ikinci, Culfa rayon Göydərə kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları, digər təşkilatçıların isə diplomları təqdim olunub.
Qeyd edək ki, birinci və ikinci yerlərə layiq görülən komandalar bu ilin may ayında Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun respublika final mərhələsində muxtar respublikamızı təmsil edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR