İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Bundan əlavə, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi ötən tədris ilindən başlayaraq ayda bir dəfə innovativ şahmat məşğələləri keçirilir.
Naxçıvan Şahmat Mərkəzində təşkil olunmuş növbəti məşğələni beynəlxalq hakim Emin Hacıyev tədris edib. Şəhər və rayon şahmat məktəblərindən 160-a yaxın şahmatçı elektron lövhədən interaktiv dərsi izləyib. Məşğələ zamanı şahmatçıları maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən və qabaqcıl şahmat müəllimləri tərəfindən tədris olunan innovativ məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə meyil və maraqlarını daha da artırmaq, qarşılıqlı fikir mübadiləsi aparmaqla şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.
Xəbərlər şöbəsi