22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin atletləri arasında muxtar respublika birinciliyi başa çatıb. 

Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda idmana diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni idman obyektlərinin tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ən müasir avadanlıqlarla təchizatı bu qayğının bariz nümunəsidir. Məhz bunun nəticəsində muxtar respublikada gənclərin idmana marağı gündən-günə artmaqdadır.

Federasiya sədri vurğulayıb ki, idman və bədən tərbiyəsinin inkişafı naminə həyata keçirilən tədbirlər muxtar respublikamızın idman imicini xeyli yüksəldib, regionumuz beynəlxalq yarışların keçirildiyi məkana çevrilib.
Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada gənclərin idmanın bütün növlərinə olduğu kimi, yüngül atletikaya da maraqları yüksəkdir. Bunu keçirilən yarışlar da sübut edir.
Yarışın yekun nəticəsinə əsasən, 100 metr məsafədə qızların mübarizəsində Naxçıvan Musiqi Kollecinin tələbəsi Aytən Rəhimova hamını qabaqlayıb. Bu idmançı 200 metr məsafədə də bütün rəqiblərindən güclü olduğunu nümayiş etdirərək finiş xəttini birinci keçib. 400 metr məsafəni isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Telli Abbasova hamıdan tez qət edib. Naxçıvan Tibb Kollecinin tələbəsi Gülafət Müslümova 800 metr məsafədə hamıdan sürətli olub.
Oğlanların mübarizəsində Əkbər Babayev (100 metr, Naxçıvan Musiqi Kolleci), Vəli Canməmmədov (200 metr, Heydər Əliyev adına Hərbi Lisey), Rəsul Qasımov (400 metr, Heydər Əliyev adına Hərbi Lisey), Mustafa Musayev (800 metr, Heydər Əliyev adına Hərbi Lisey) və Ziyarət Vəliyev (1500 metr, Heydər Əliyev adına Hərbi Lisey) birinciliyin qalibi adını qazanıblar.
Qalib gələn idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının hədiyyələri, həmçinin qalib olan Heydər Əliyev adına Hərbi Liseyin komandasına kubok təqdim edilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR