22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə karate üzrə beynəlxalq turnir keçirilib. Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran İslam Respublikasının da komandaları mübarizə aparıblar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir başlanmazdan əvvəl idmançılar Naxçıvan şəhərində ümummilli liderimizin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Beynəlxalq turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür. Gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin edilib. Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası muxtar respublikada bu idman növü üzrə yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayıb, o cümlədən karate üzrə müxtəlif yaş qruplarında idmançılar nəsli yetişib.
Azad Cabbarov beynəlxalq turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb.
Sonra çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, son illər ölkəmizdə idmana göstərilən dövlət qayğısı nəticəsində idmançılarımız dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər. Eyni zamanda ölkəmizdə keçirilən beynəlxalq turnirlər idmana marağı gündən-günə artırmaqdadır. Naxçıvan Muxtar Respublikasında karate üzrə beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub.
Türkiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Esat Deli­hasan isə çıxışında yarışın yüksək səviyyədə təşkilinə görə razılığını bildirib. Azərbaycan və Türkiyənin hər zaman qardaş dövlət olduğunu vurğulayan qonaq növbəti yarışlarda Naxçıvana böyük heyətlə gələcəklərini deyib.
Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə­mizə rəhbərliyinin hər iki dövründə idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 1993-cü ildən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. İdmanın inkişafı və gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində ardıcıl tədbirlər görülüb, idmançıların sosial vəziyyəti yaxşılaşdırılıb. Ölkə başçısı cənab­ İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra isə Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı daha da sürətləndirilib, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə beynəlxalq əlaqələrin qurulması diqqət mərkəzində saxlanılıb.
Qeyd olunub ki, ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.
Muxtar respublikada idmana göstərilən qayğıdan danışan federasiya sədri bildirib ki, bu gün gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Yaradılan müasir idman mühiti isə gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilib. Muxtar respublikada, demək olar ki, bütün idman növləri üzrə federasiyalar fəaliyyət göstərir. Karate-do Federasiyası da belə federasiyalardan biridir və yüksək dövlət qayğısı ilə əhatə olunub. Hazırda muxtar respublikada karate idman növü üzrə 15 bölmədə 1000-dən çox idmançı məşq keçir.
Sonra federasiyanın sədri yarışı açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tamaşaçılar Şərur Xalq Yallı Ansamblı və “Arpaçay” instrumental ansamblının, müğənni Xəyyam Mustafazadənin ifalarını dinləyiblər, karate komandalarının nümunəvi çıxışlarına baxıblar.
Turnirdə 120-yə yaxın qız və oğlan karateçilər fərdi kata, fərdi kumite üzrə yarışlarda qüvvələrini sınayıblar. Onlar reqlamentə uyğun olaraq həm kata, həm də kumite yarışlarında qruplar üzrə mübarizə aparıblar. 10-11 yaş qrupunda kata yarışlarının qalibi naxçıvanlı idmançı Məhəmməd Şıxəlili olub. Qızların mübarizəsində isə Bakı təmsilçisi İlahə Məmmədova qalib adını qazanıb. Bu yaş qrupunda kumite yarışlarında Amin Yadigarlı (30 kiloqram, Qara qaplan idman klubu), Niman Nuriyev (35 kiloqram, Sumqayıt), Nicat Kərimli (41 kiloqram, Sumqayıt) və Murad Məmmədov (+41 kiloqram, Qara qaplan) bütün rəqiblərinə qalib gələrək beynəlxalq turnirdə ən yüksək pillədə qərarlaşıblar. Qızların kumite yarışında isə İlahə Məmmədova (+35 kiloqram, Bakı) və Duyğu Əhmədova (-35 kiloqram, Naxçıvan) qalib olublar.
12-13 yaş qrupunda kata yarışlarının qalibi adını Sumqayıt idmançısı Aslan Qasımov qazanıb. Bu yaş qrupunda 30, 39 və 45 kiloqram çəki dərəcələrinin qalibləri Naxçıvan idmançıları olublar. Vüsal Seyidov, İmran Həsənov və Ramil Axundov müvafiq çəkilərdə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 52 və 60 kiloqram çəki dərəcələrində isə Qara qaplan idman klubunun üzvləri – Ramal Bayramlı və Rəvan Bağırov hamıdan güclü olublar. Qızların mübarizəsində də bu klubun üzvü Fidan Dadaşova rəqiblərini üstələyib.
Yeniyetmələrin mübarizəsində (14-15 yaş) tatami üzərinə çıxan Taleh Yaqubov (52 kiloqram, Qara qaplan), Rəşid Həqiqətli (57 kiloqram, Qara qaplan) və Tural Yaqub­ov (63 kiloqram, Qara qaplan) qalib adını qazanıblar. Qızlar arasında isə İran təmsilçisi Qadri Maryam (47 kiloqram) ən güclü olub. Kata yarışlarında Bakı təmsilçisi Ayxan Novruzov qələbə qazanıb.
16-17 yaş qrupunda gənclərin mübarizəsi də öz gərginliyi ilə yadda qalıb. Bu yaş qrupunda Əminağa Quliyev (55 kiloqram, Bakı), Nicat Quluzadə (61 kiloqram, Sumqayıt), Əli Quliyev (68 kiloqram, Qara qaplan), Seymur İsayev (-76 kiloqram, Qara qaplan) və Reza Abbasi (+76 kiloqram, İran) bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. Qızların kumite yarışlarında Bakı təmsilçisi Mədinə Quliyeva (53 kiloqram) hamıdan güclü olub. Oğlanların kata yarışında isə Roman Heydərov (Bakı) qalib gəlib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR