Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları regionda idmanın inkişafı yönündə mühüm addımlar atırlar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirilən tədbirlər uşaq, yeniyetmə və gənclərin müxtəlif idman sahələrinə maraqlarını birə-beş artırıb. Naxçıvanda idmanın kütləvi hal almasına öz töhfəsini verən federasiyalardan biri də Karate-do Federasiyasıdır.
Federasiyanın muxtar respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Bölmələrdə federasiya tərəfindən təyin edilmiş müəllimlər uşaq və yeniyetmə idmançılara bu növün sirlərini öyrədirlər. Rayon bölmələri mütəmadi olaraq gənclər və idman idarələri ilə birgə təşkil etdikləri birinciliklərdə idmançıların yarış təcrübələrini artırırlar. Hazırda muxtar respublikada 1000-dən çox uşaq, yeniyetmə və gənc federasiyanın üzvüdür. Onu da qeyd edək ki, federasiya cari ildən qızların məşq etməsi üçün də əlavə bölmə açıb. Federasiyanın sədr müavini Nəriman Quliyev bizimlə söhbətində vurğuladı ki, qız bölməsinə müraciət edənlərin sayı gündən-günə artmaqdadır: “Karate-do Federasiyasının bütün rayonlarda bölmələri fəaliyyət göstərir. Naxçıvan şəhərində isə məşqlərimiz İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilir. Qız bölməsini yaratmaqda məqsədimiz bu idman növünə qızların marağını artırmaq, karatenin sirlərini onlara öyrətməkdir. Həftənin 3 günü Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yerləşən zalda qızlar üçün məşqlər keçirilir və artıq məşqlərimizdə 30-dan çox gənc qız iştirak edir”.
Məlumat üçün bildirək ki, Karate-do Federasiyası cari ildə ən çox yarış təşkil edən federasiyalardan biridir. Bəhs olunan dövrdə təşkil edilən 10 yarışda 600-dən çox idmançı mübarizə aparıb. Nəriman Quliyev bildirdi ki, ilin sonunda federasiya tədbirlər planına uyğun olaraq bir neçə yarış keçirəcək: “2016-cı ilin yanvar ayından başlayaraq muxtar respublikanın şəhər və rayonlarında nazirliklə birgə mütəmadi olaraq yarışlar, seminarlar təşkil etmişik. Elə ilin ilk ayında Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr olunmuş muxtar respublika çempionatında 100-ə yaxın idmançı mübarizə aparıb. Bakıdan dəvət olunmuş 4 komandanın da iştirak etdiyi “Heydər Əliyev Kuboku” uğrunda keçirilən açıq çempionatda isə 150-dən çox karateçi qüvvəsini sınayıb. Təkcə Naxçıvan şəhərində deyil, eyni zamanda rayonlarda da bölmələrimizin fəaliyyətinə xüsusi diqqət göstəririk. Təsadüfi deyil ki, ilin bu ayına kimi Şahbuz, Şərur, Ordubad, Babək, Culfa rayonlarında birinciliklər təşkil edilib. Eyni zamanda rayonlarda keçirilən birinciliklərdə digər rayonların da komandalarının iştirakı təmin olunub”.
Muxtar respublika daxilində keçirilən bu yarışlar idmançıların ölkə birinciliklərinə və beynəlxalq turnirlərə hazırlığına müsbət təsir göstərir. İlin ilk 10 ayında federasiyanın idmançıları 3 müxtəlif ölkədaxili birincilikdə mübarizə aparıblar. Bakı şəhərində keçirilən yarışlarda idmançılarımız 9 müxtəlif əyarlı medal qazanıblar. Fevral ayında isə İran İslam Respublikasının Astara şəhərində keçirilən beynəlxalq turnirdə 3 idmançımız mükafatçılar sırasında olub.
Federasiyanın sədr müavini onu da qeyd etdi ki, hər ay idmançılar və məşqçilər üçün seminarlar keçirilir və onların muxtar respublika ərazisində olan muzeylərə ekskursiyaları təşkil olunur.
Bu gün Naxçıvanda start götürəcək karate-do üzrə beynəlxalq turnir bütün bu görülən işlərin nəticəsidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Şərur Olimpiya-İdman Kompleksində keçiriləcək beynəlxalq turnirdə ölkənin bir çox karate-do komandaları ilə yanaşı, Türkiyə və Gürcüstan yığmaları da mübarizə aparacaq. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də bu turnirdə iştirak edəcəklər.
Ceyhun Məmmədov