22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin oyunlarının açılış mərasimi keçirilib.

Əvvəlcə çempionatın iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirib ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu sahə üçün müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunun nəticəsidir ki, hər il Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. Birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi və idmançılarımızın bütün beynəlxalq yarışlarda uğurlu çıxışları respublikamızda idmanın inkişafından xəbər verir. Bu gün Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına xüsusi diqqət yetirilir. Regionda yaradılan idman infrastrukturu gənc­lərin bu sahəyə kütləvi şəkildə maraq göstərməsinə səbəb olur.
İsmayıl İsmayılov yarış iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada olimpiya-idman komplekslərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Bildirilib ki, 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Voleybol Federasiyası muxtar respublikada bu idman növü üzrə yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində əhəmiyyətli rol oynayıb, voleybol üzrə müxtəlif yaş qruplarında komandalar, o cümlədən muxtar respublikanın kişilərdən ibarət yığma komandası yaradılıb.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən voleybol üzrə Azərbaycan çempionatının I tur oyunlarında Azərbaycan komandaları ilə yanaşı, muxtar respublikanın da kişilərdən ibarət yığma komandası öz qüvvəsini sınayır. Bu yarışların keçirilməsi muxtar respublikada gənclərin idmana, o cümlədən voleybola olan marağının artmasında, idmana cəlbin kütləvi hal almasında və uğurlu nəticələrin əldə edilməsində mühüm rola malikdir.
Voleybol üzrə Azərbaycan çempionatının I turunun oyunları açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı olub.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin oyunlarına yekun vurulub. Son oyun günündə 3 görüş keçirilib. “Lokomotiv” komandası “Sumqayıt”ı (3:0), MOİK “Nəqliyyatçı”nı (3:2), “Neftçi” isə “Naxçıvan” komandasını üstələyib. İlk dövrənin yekun nəticəsinə əsasən “Neftçi” 15 xalla turnir cədvəlinə başçılıq edir. “Lokomotiv”in 12, MOİK-in 7 xalı var. “Naxçıvan” komandası 6 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, çempionatın ikinci dövrəsinin oyunlarına dekabr ayının ortalarında start veriləcək. Üçüncü dövrənin oyunları fevralda, yarımfinal və final görüşləri isə mart və aprel aylarında keçiriləcək.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR