Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə gənclər və böyüklər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilik şəxsi və komandalı xarakter daşıyır. Kikboksinqin WAKO versiyasının qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilən birincilikdə 100-ə yaxın idmançı qüvvəsini sınayır. Gənclərin mübarizəsində idmançılar rinqdə 7 çəki (45, 48, 51, 54, 57, 63,5 və 67 kiloqram) dərəcəsində döyüşürlər. İki gün davam edəcək birincilikdə böyüklər 60, 85 və 90 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirməyə çalışacaqlar.
Fəxri kürsüdə ilk 3 pillənin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Şərq Döyüşü Sənəti Federasiyasının isə hədiyyələri təqdim olunacaq.
Ceyhun Məmmədov