Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin oyunlarına start verilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən çempionat oyunlarında “Neftçi”, MOİK, “Lokomotiv”, “Nəqliyyatçı”, “Sumqayıt” və “Naxçıvan” komandaları mübarizə aparır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri çempionatın ilk dövrəsi 5 turdan ibarət olacaq və oyunlara noyabrın 7-də yekun vurulacaq.
Artıq çempionatın ilk oyunları başa çatıb. Mövsümün açılış matçında meydana “Lokomotiv” və “Nəqliyyatçı” komandaları çıxıb. İlk setdə rəqibini 25:18 hesabı ilə məğlub edən “Lokomotiv” ikinci seti də öz xeyrinə başa vurub – 25:21. Növbəti setdə də üstünlüyü əldən verməyən dəmiryolçular (25:13) meydanı 3:0 hesablı qələbə ilə tərk ediblər.
“Naxçıvan” komandası da Azərbaycan çempionatına qələbə ilə başlayıb. Komandamızın rəqibi isə Sumqayıt voleybolçuları olub. Görüşdə yüksək peşəkarlıq nümayiş etdirən “Naxçıvan” komandası ilk setdə rəqibinə qələbə qazanmağa imkan verməyib – 25:16. İkinci setə bir qədər arxayın çıxan komandamız hesabda geri qalsa da, fərqi azaltmağa müvəffəq olub və ikinci seti 25:19 hesablı qələbə ilə başa vurub. Üçüncü setdə komandamız qələbəsini təmin edib. 25:21 hesablı nəticə “Naxçıvan” komandasına 3:0 hesablı qələbəni bəxş edib.
Günün son oyununda isə “Neftçi” və MOİK üz-üzə gəlib. Görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.
İkinci turun oyunları bu gün keçiriləcək:
Saat 1200 “Lokomotiv” - “Naxçıvan”
Saat 1400 “Neftçi” - “Nəqliyyatçı”
Saat 1600 “Sumqayıt” - MOİK