22 Dekabr 2024, Bazar

İdmanı sevmək ailədən başlanmalıdır

Muxtar respublikamızda sağlam gəncliyin yetişməsi üçün hərtərəfli şərait yaradılıb. Bu gün regionda idmanın kütləviliyinə nail olunub, ümumtəhsil məktəblərində stadionlar, idman zalları yenidən qurularaq və ya əsaslı təmir olunaraq gənc­lərimizin istifadəsinə verilib.

Gənclərimiz onlara yaradılan şəraitə, göstərilən qayğıya cavab olaraq idmanda yeni-yeni uğurlara imza atır, Azərbaycanı, o cümlədən muxtar respublikanı istər ölkə daxilində, istərsə də ölkədən xaricdə layiqincə təmsil edirlər.
Sirr deyil ki, uşağın sağlamlığı və fiziki inkişafının əsası ailədə qoyulur. Ailədə əsası düzgün qoyulmuş fiziki tərbiyə uşaq və yeniyetmələrin fiziki hazırlığını yüksəltməklə, sağlamlığını möhkəmlətməklə yanaşı, onların təhsilinə, ictimai həyatda fəallıqlarının artmasına müsbət təsir göstərir. Bu baxımdan uşaqların idmana həvəsləndirilməsi yolları, ailənin fiziki tərbiyə ilə bağlı tutduğu mövqe günün tələblərinə uyğun olmalıdır. Belə ailələrdən biri də Naxçıvan şəhərində yaşayan Əliyevlər ailəsidir.
Bu ailənin övladları, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri olan Tayfur və Sərxan Əliyev qardaşları respublika və muxtar respublika əhəmiyyətli bir çox yarışlarda uğurlar qazanıb, idmanı həyatlarının mühüm bir hissəsinə çeviriblər. Hər iki qardaşın idmana marağı 5-6 yaşlarından başlayıb. Boks idman növü üzrə mütəxəssis olan ataları Nəriman müəllim də onlarla fərdi formada məşğul olub. Övladlarının bu marağının getdikcə artdığını görən Nəriman Əliyev onları Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasına yönləndirib. Qardaşlar indi istər muxtar respublika, istərsə də beynəlxalq səviyyəli yarışlarda iştirak edir, bir çox uğurlar qazanırlar.
1997-ci il təvəllüdlü, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi ixtisasında təhsil alan Tayfur Əliyev ilk məşqlərinə 2006-cı ildə başlayıb. Onun ilk məşq müəllimi Azərbaycan Respublikasının Əməkdar məşqçisi və Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Salayev olub. Hazırda isə məşq müəllimi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Məmmədəli Eyvazovdur.
Boksçu ilk uğurunu 2011-ci ildə Rusiya Federasiyasının Qroznı şəhərində qazanıb. O, məktəblilərin Avropa, 2012-ci ildə isə gənclərin Azərbaycan çempionatlarında və “Heydər Əliyev Kuboku” uğrunda yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medallar qazanıb. Elə həmin il Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən gənclərin Avropa çempionatında iştirak edib. 2013-cü il Tayfur Əliyev üçün daha uğurlu olub. O, yenidən gənclərin Azərbaycan çempionatında və “Heydər Əliyev Kuboku” uğrunda yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bununla yanaşı, Tayfur Rusiya Federasiyasının Anapa şəhərində gənclərin Avropa çempionatında iştirak edib, II yeri tutaraq gümüş medal qazanıb. 2014-cü ildə o, yeniyetmələrin Azərbaycan çempionatında da qızıl medala layiq görülüb.
2015-ci il Tayfur Əliyevin idman karyerası üçün yaddaqalan olub. O, Azərbaycan çempionatı və Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanıb. Bakı şəhərində keçirilən birinci Avropa Oyunlarında iştirak edib və bürünc medal qazanıb. Qətərin paytaxtı Doha şəhərində keçirilən Dünya çempionatında da iştirak edən Tayfur Əliyev 2016-cı ildə Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə I yerə sahib olub.
Tayfur Əliyev Bakıda keçirilən birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Sərxan Əliyev də idman sahəsində əldə etdiyi uğurlara görə heç də Tayfurdan geri qalmır. 1998-ci il təvəllüdlü, Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi ixtisasında təhsil alan Sərxan ilk məşqlərinə 2010-cu ildə başlayıb.
O, 2010-cu ildə Biləsuvar rayonunda keçirilən yeniyetmələrin III Respublika oyunlarında II yerə layiq görülərək ilk uğurunu qazanıb. 2011-ci ildə isə Biləsuvar rayonunda keçirilən yeniyetmələrin IV Respublika oyunlarında I yerə, Rusiya Federasiyasının Qroznı şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində III yerə layiq görülüb. 2012-ci ildə Sərxan Balakən rayonunda keçirilən yeniyetmələrin VII idman oyunlarında I yerə sahib çıxıb. O, Bakı şəhərində keçirilən Azərbaycan birinciliyinin qalibi olaraq, eyni zamanda ölkə çempionatının ən texnikalı boksçusu adına layiq görülüb. 2013-cü ildə Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində II yerin sahibi olub.
2014-cü ildə Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində I yerə, Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev – 91” Naxçıvan Muxtar Respublika turnirində I yerə, Bakı şəhərində keçirilən Abbas Ağalarov adına beynəlxalq turnirdə III yerə layiq görülüb.
Sərxan Əliyev 2015-ci ildə Bakı şəhərində keçirilən gənclərin Azərbaycan birinciliyində I yerə, 2016-cı ildə Bakı şəhərində keçirilən boks üzrə Azərbaycan çempionatında I yerə, Rusiya Federasiyasının Anapa şəhərində keçirilən Avropa çempionatında III yerə, Ukrayna Respublikasının Berdiçev şəhərində keçirilən Kliçko qardaşlarının mükafatı uğrunda beynəlxalq turnirdə III yerə sahib çıxıb.
Göründüyü kimi, ailə övladlarının fiziki cəhətdən sağlam yetişdirilməsinə, vətənpərvər ruhda böyüməsinə maraqlı olub ki, gənc idmançı qardaşlar da böyük uğurlara imza atıblar.
Bütün bu deyilənlərin nəticəsi olaraq qeyd etmək yerinə düşər ki, övladlarımızı idmana cəlb etmək üçün yaradılan şəraitdən düzgün istifadə etsək, muxtar respublikamızda Tayfur və Sərxan Əliyev qardaşları kimi idmançıların sayı daha çox olar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR