22 Dekabr 2024, Bazar

Qızların erkən yaşdan kütləvi idmana cəlb olunması zərif cinsin nümayəndələrinin fiziki sağlamlığına böyük təsir göstərən amillərdən başlıcasıdır. Ölkəmizdə belə idmançılar yüzlərlədir. Onlar üçrəngli bayrağımızı səmalara yüksəltmək üçün yaradılan şəraitdən səmərəli istifadə edirlər. Qadınlarımızın respublika, Avropa və dünya səviyyəli yarışlarda qüvvələrini sınamaları, ölkəmizə yüksək mükafatlarla qayıtmaları respublikamızda idmanın inkişafına göstərilən qayğının ifadəsidir. Bu gün qızların idmanla məşğul olmalarına stimul yaratmaq üçün bir sıra layihələr həyata keçirilir.

Bunu Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. İllər əvvəl az sayda qızlar idmanın müxtəlif növləri ilə məşğul olurdularsa, indi onların sayı xeyli çoxalıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində idman zallarının tikilməsi, idmanla məşğul olmaq üçün şəraitin yaradılması qızlarda bu sahəyə olan marağı artırıb.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlərin coğrafiyası getdikcə genişlənir. Nazirlik Naxçıvanda qızların idmana cəlbi yönündə müxtəlif işlər görüb ki, bunlardan biri bədii gimnastika və stolüstü tennis bölmələrinin yaradılmasıdır.

Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları da qızların müxtəlif idman növləri ilə məşğul olmaları üçün ardıcıl tədbirlər həyata keçirirlər. Hazırda 12 federasiyanın nəzdində 1000-dən çox qız idmanın müxtəlif bölmələrində bacarıq və qabiliyyətini nümayiş etdirir. Güc tələb edən güləş, karate və Şərq döyüşü növlərinə qızların müraciət etmələri isə sevindirici haldır. Bu növlərə məsul olan federasiyaların sədr müavinləri Faiq İsgəndərov, Nəriman Quliyev və Cavanşir Salayev bildirdilər ki, qızlar seçdikləri idman növlərinə görə peşman deyillər və güc baxımından oğlanlardan heç də geri qalmırlar. Təsadüfi deyil ki, bu növlərə maraq göstərənlərin ümumi sayı 100-ə yaxındır. Orta məktəblərdə şahmatın tədris olunması isə qızların həm də bu idman növünə maraq göstərməsinə səbəb olub. Basketbol, voleybol kimi kollektiv idman növlərinə, eyni zamanda yüngül atletika, atıcılıq, hava və ekstremal idman növlərinə də müraciət edənlərin sayı artıb.
Sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların idmanda iştirakını təşviq etmək üçün məşqçi-müəllimlər və qız idmançıların iştirakı ilə tez-tez yığıncaqlar təşkil edilir. İdmanın insan həyatında oynadığı rol, sağlamlığımızın rəhni kimi ən gözəl vasitə barədə söhbətlərə geniş yer verilir, güclü idman karyerasına malik olan qadınların cəmiyyətdə yüksək nüfuz qazanmaları gənc qızların diqqətinə çatdırılır.
Sosioloq və psixoloqlar bildirirlər ki, idman qızları analığa hazırlamaq üçün ən gözəl vasitədir. Müəyyən yaşdan sonra fiziki əməyə cəlb olunması, idmana getməsi onların fiziki cəhətdən inkişafını sürətləndirə bilər. Yalnız sağlam gənc qadın dünyaya sağlam körpə gətirər.
İdman cəmiyyətdə sosial məhdudiyyətlərin qarşısının alınmasına yardım edir. İdman qızlar üçün çox vacibdir. Əgər gənc qız fiziki cəhətdən zəifdirsə, tez yorulur və xəstələnirsə, idman onun bədənini möhkəm­ləndirəcək, immunitetini artıracaq. Lakin hər şeyin faydası ilə yanaşı, ziyanı da olduğu kimi, idmanla da düzgün məşğul olmaq lazımdır. Odur ki, qızlar sağlamlıq naminə mütləq fiziki əməklə, sağlamlığa yönəldən idmanla məşğul olmalıdırlar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR