Şərur Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarışdan əvvəl Paralimpiya Federasiyasının əməkdaşı Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Naxçıvan, Babək, Şərur, Culfa komandalarının tərkibində 15 sağlamlıq imkanları məhdud uşağın iştirak etdiyi yarışda qalib adını Şərur rayon komandasının üzvü Allahverən Səfərov qazanıb. Onun komanda yoldaşı Veysəl Zöhrablı ikinci, Culfa rayon komandasının üzvü Azər Səfərov isə üçüncü olublar.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən diplomlar, digər idmançılara isə fəxri fərmanlar təqdim edilib.
Ceyhun Məmmədov