Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatının yeni mövsümünə start verilib.
Futbol Federasiyasının sədr müavini Hafiz Əliyev yeni mövsüm öncəsi bizimlə söhbətində vurğuladı ki, ötən mövsüm olduğu kimi, cari ildə də reqlamentə əsasən, komandalar meydana federasiya tərəfindən təsdiq edilmiş qaydada – yəni limit əsasında çıxırlar. Bu limiti qoymaqda məqsəd gənc istedadlı futbolçuları üzə çıxarmaq, onların oyun təcrübəsini artırmaqdır: “Federasiyanın məqsədi muxtar respublikada futbolun kütləviliyinə nail olmaq, yeniyetmə və gəncləri bu növə cəlb etməkdir. Artıq 15-ci futbol mövsümünə start vermişik. Hər zaman olduğu kimi, cari çempionatda da 10 komanda dairəvi sistem üzrə mübarizə aparır. 18 turdan ibarət olan çempionatda komandalar federasiya tərəfindən təyin edilmiş limit əsasında meydana çıxırlar”.
Ötən mövsümlə müqayisədə cari çempionatda komandaların bir qədər ciddi mübarizə aparmaları diqqətdən yayınmır. Artıq çempionatın ilk 3 turu geridə qalıb. Son iki mövsümün çempionu “Araz-Naxçıvan” cari ilə də iddialı başlayıb. “Qırmızı-ağlar” ilk turda “DİN-Darıdağ” futbol komandasının qonağı olub. Gərgin keçən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Növbəti turda onlar “Arpaçay” komandası ilə üz-üzə gəliblər. Şərurda keçirilən oyun “qırmızı-ağlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Doğma arenada keçiriləcək olan görüşdə isə Sədərək təmsilçisi oyuna gəlməyib və onlara texniki məğlubiyyət verilib. Ümumiyyətlə, “Sədərək” komandasında belə hallar adətə çevrilib. Üçüncü görüşdən maksimum xal toplayan “Araz-Naxçıvan” şəriksiz liderdir.
İlk turda gözlənilmədən Sədərək futbolçularına məğlub olan (3:4) “Batabat” komandası digər iki görüşü qələbə ilə başa vuraraq hazırda top fərqinə görə turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 6 xal toplayan Naxçıvan Dövlət Universitetinin komandası, “DİN-Darıdağ” və “Kəngərli” komandaları şahbuzlu həmkarlarını izləyirlər. Bu siyahıda Kəngərli təmsilçisinin olması bir qədər maraqlıdır. Ötən mövsüm autsayderlər siyahısında yer alan Kəngərli futbolçularının cari mövsümdə uğurlu çıxışları diqqəti çəkir. İlk turda NDU komandasına məğlub olsalar da, “Dübəndi” və “Əlincə” komandalarına qalib gəliblər.
Cari mövsümdə hələ ki xala həsrət qalan iki komanda var. Keçirdikləri hər 3 görüşdə məğlub olan “Babək” və “Dübəndi” komandaları turnir cədvəlinin son iki pilləsində özlərinə yer tapıblar.
Bombardirlər cədvəlinə isə “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov başçılıq edir. Onun aktivində 3 qol var.
Qeyd edək ki, növbəti – 4-cü turun oyunlarına bu həftə start veriləcək.
Ceyhun Məmmədov