Culfa rayonunun Boyəhməd kəndində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 5 km məsafəyə dağ yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Yarışdan əvvəl Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək oyunun qaydaları haqqında idmançılara məlumat veriblər.
70-ə yaxın idmançının iştirak etdiyi yarışda 18-20 yaş qruplarında oğlanlar arasında qalib adını Naxçıvan Musiqi Kollecinin tələbəsi Maqsud Məmmədov qazanıb. Digər iki pillədə Naxçıvan Tibb Kollecinin tələbələri Əsgərxan Məhərrəmli və Qaraş Hüseynli qərarlaşıblar. Qızlar arasında da ilk pillədə Naxçıvan Tibb Kollecinin tələbəsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya Əmrahlı Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Telli Abbasova və Naxçıvan Tibb Kollecinin tələbəsi Könül Hüseynovanı qabaqlayıb.
21-22 yaş qrupları üzrə yarışda isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Yuris Allahverdiyev bütün rəqiblərini geridə qoyub. Naxçıvan Musiqi Kollecinin tələbəsi İlkin Zamanov ikinci, Naxçıvan Dövlət Universitetinin tələbəsi Arif Həsənov üçüncü olublar. Qızların mübarizəsində isə Naxçıvan Tibb Kollecinin tələbəsi Günel Əliyeva birinci yerə layiq görülüb. Naxçıvan Tibb Kollecinin tələbəsi Özləm Hacıyeva və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Söngül Səfərova qalibdən az da olsa, geri qalaraq ikinci, üçüncü yerləri bölüşüblər.
Qalib gələn idmançılara Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən diplomlar, Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə idman formaları təqdim olunub.
Sonda idmançılar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Boyəhməd kəndində yerləşən muzeyini ziyarət ediblər.
Ceyhun Məmmədov