Oktyabrın 9-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində basketbol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstə və birinci dəstəsinin oyunlarına start verilib. Bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov açaraq yarışın qaydaları haqqında məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın birinci dəstəsinin ilk oyunu başlayıb. Oyunda “Sədərək” komandası “Naxçıvan” Universiteti komandasını qəbul edib. Gərgin keçən oyunda “Sədərək” komandası 28:23 xal hesabı ilə qalib olub.
Yüksək dəstənin ilk oyununda isə “Naxçıvan” komandası “Şərur” komandasını qəbul edib. Maraqlı keçən oyun 76:30 hesabı ilə “Naxçıvan” komandasının xeyrinə bitib.
Oktyabrın 15-də isə I turun ikinci oyunları keçiriləcək. Həmin gün birinci dəstədə “Şahbuz” komandası “Lokomotiv” komandasını qəbul edəcək. Oktyabrın 16-da isə yüksək dəstədə “Ordubad” komandası “Babək” komandası ilə qarşılaşacaq. Beləliklə, I tura yekun vurulacaq.
Qeyd edək ki, II turun oyunları oktyabrın 22-23-də keçiriləcək. Həmin turda “Kəngərli” komandası “Sədərək” komandasını qəbul edəcək. Yüksək dəstədə isə “Culfa” komandası “Şərur” komandası ilə qarşılaşacaq.
Xəbərlər şöbəsi