Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi tam orta məktəblərin şagirdləri arasında keçirilən velosiped yarışı üzrə şəhər birinciliyinə yekun vurulub.
15 məktəbin komandasının qatıldığı birincilikdə hər komandanın tərkibində 6 idmançı 400 metr məsafəni qət etməyə çalışıb. Oğlanların mübarizəsində 16 nömrəli tam orta məktəbin şagirdi Elsun Kazımlı müəyyən olunmuş məsafəni hamıdan sürətli keçib. Bu məktəbin digər şagirdi Elçin Müslümov ikinci, 14 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Mirzəyev isə üçüncü olublar.
Qızların mübarizəsində isə 7 nömrəli tam orta məktəbin şagirdi Aysel Axundova finiş xəttinə birinci çatıb. 4 nömrəli tam orta məktəbin şagirdi Xədicə Dövlətova ikinci, 16 nömrəli tam orta məktəbin şagirdi Sunay Həsənova isə üçüncü olublar.
Sonda fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov