Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhər 1, 7 və 10 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. Bakıdan dəvət olunmuş məşqçilər Fərid Tağızadə və Cavid Məmmədovun iştirak etdikləri seminarda şagirdlərə taekvando və MMA idman növləri barədə geniş məlumat verilib. Seminardan öncə çıxış edən Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev şagirdləri zərərli vərdişlərdən uzaq tutmaq, onları idmana cəlb etmək və bu növlərin təbliği yönündə hansı işlərin görüldüyü barədə danışıb. Daha sonra məşqçilər şagirdlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, üç məktəbdə keçirilən seminarda, ümumilikdə, 110 şagird iştirak edib.
Ceyhun Məmmədov