22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası 2016-cı ilin ötən dövrü ərzində bir çox uğur əldə edib. Uğurların siyahısında daha çox beynəlxalq turnirlərin olması isə xüsusi vurğulanmalıdır.
Federasiyanın sədr müavini Emin Hacıyev bizimlə söhbətində dedi: “Muxtar respublikada qədim ənənələrə malik olan bu idman növünün inkişafı üçün hər bir şərait yaradılıb. Bu gün şahmatçılarımızın qazandıqları uğur məhz bunun nəticəsidir. Cari ilin aprel ayında Türkiyənin Kahramanmaraş və Ordu şəhərlərində keçirilən beynəlxalq yarışlarda iki şahmatçımız iştirak edib və uğura imza atıb. Manisa şəhərində keçirilən beynəlxalq yarışda isə 3 kiçikyaşlı şahmatçımızın uğurlu çıxışı diqqətdən yayınmayıb. Qardaş ölkədə may, iyul və avqust aylarında keçirilən yarışlarda, ümumilikdə, 32 zəka sahibimiz qüvvəsini sınayıb və onlardan 13-ü yüksək nəticə göstərərək qalib olub. Ümumiyyətlə, şahmatçılarımız cari ildə keçirilən beynəlxalq yarışlarda, turnirlərdə uğurlu çıxış ediblər. Belə ki, iyul ayında Rusiyanın Yakutiya vilayətində keçirilən Asiya oyunlarında 2, həmin ay Gürcüstanın Poti şəhərində keçirilən şahmat festivalında 6 kiçikyaşlı şahmatçımız Naxçıvanı layiqincə təmsil edib. Avqust ayında isə Rusiyanın Moskva şəhərində təşkil olunan yarışda Sadiq Məmmədov iştirakçı, mən isə hakim qismində iştirak etmişik”.

Təbii ki, beynəlxalq arenalarda qazanılan nailiyyətlər idmançılarımızın ölkədaxili turnirlərdə uğurlu çıxışlarından irəli gəlir. Cari ildə zəka sahiblərimiz 10-dan çox yarışda qüvvələrini sınayıblar. Yanvar ayında Biləsuvar rayonunda keçirilən Azərbayan çempionatının seçmə yarışlarında muxtar respublikadan, ümumilikdə, 21 şahmatçı iştirak edib və finallara 7 vəsiqə qazanılıb. Bakı şəhərində keçirilən Azərbaycan çempionatının yüksək dəstəsində 3 şahmatçımız iştirak edib. Mart ayında 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsi keçirilib və bu yarışda 2 şahmatçımız mübariz çıxışları ilə yadda qalıb.
12 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsi də bizim üçün uğurlu nəticələrlə yadda qalıb. 4 zəka sahibi ilə çempionatda çıxış edən komandamızın heyətində Seyid Hüseyn 10 yaşlı şahmatçılar arasında III yerə layiq görülüb.
Sentyabr ayında Bakıda keçirilən Dünya Şahmat Olimpiadasında da Naxçıvan şahmat məktəbinin yetirmələri iştirak ediblər. Belə ki, Pərviz Qasımov və Aynur Kətanova Azərbaycanın 3-cü komandalarında, Emin Hacıyev isə hakim qismində olimpiadanın iştirakçısı olublar. Pərviz Qasımovun iştirak etdiyi Azərbaycan “C” komandası olimpiadanın C kateqoriyasının qalibi olub. Şahmatçımız 9 oyundan 6 xal toplayıb.
Emin Hacıyev onu da bildirdi ki, bu il Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdikləri yarışlarda 1000-dən artıq zəka sahibi qüvvəsini sınayıb. Naxçıvan Şahmat Mərkəzində, həmçinin rayonların şahmat məktəblərində keçirilən yarışların əsas məqsədi şahmatı muxtar respublikada kütləvi hala gətirmək, şagirdləri, tələbələri bu sahəyə yönəltmək və onlar arasında istedadlıları seçməkdir. Eyni zamanda iyun ayında keçirilən Naxçıvan Şahmat Mərkəzinin açıq birinciliyi FİDE-də beynəlxalq reytinqli yarışlar sırasında qeydiyyata düşüb.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR