İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2004-2006-cı illər təvəllüdlü) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdir.
Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib.
Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
Ceyhun Məmmədov