Sağlam bədəndə sağlam ruh olar, – deyiblər. Bu gün öz sağlamlığının qədrini bilən insanlar idmanla da məşğul olurlar. Hazırda muxtar respublikamızda bu sahə ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. İdman federasiyalarına yüzlərlə gənc cəlb olunub. Muxtar respublikada daha çox müraciət olunan federasiyalardan biri də Şərq Döyüşü Sənəti Federasiyasıdır. Şərq ölkələrində “payız nəğməsi”, “bahar gülü”, “Şərqə açılan yol”, “müdafiə və elmin vəhdəti” kimi mənaları kəsb edən Şərq döyüşü fəlsəfə ilə döyüş sənəti harmoniyasını birləşdirir.
2002-ci ildən fəaliyyət göstərən federasiyanın nəzdində taekvando, kikboksinq və MMA qaydasız döyüş bölmələri var. Muxtar respublikanın şəhər və rayonlarında bölmələri olan federasiyada 20-dən çox məşqçi-müəllim çalışır. Bununla yanaşı, Naxçıvan şəhərində kikboksinq idman növündə 4 qrupda, taekvando üzrə 2 qrupda, MMA qaydasız döyüş idman növündə 2 qrupda, Babək rayonunda kikboksinq üzrə 2 qrupda, Şərur rayonunda kikboksinq üzrə 3 qrupda, Şahbuz rayonunda kikboksinq üzrə 2 qrupda 500-dən çox yeniyetmə və gənc bu növlərin sirlərini öyrənir. Şərq Döyüşü Sənəti Federasiyasında həmçinin 14 nəfərdən ibarət hakimlər kollegiyası fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası cari ilin ilk 8 ayında böyük uğurlara imza atıb. Federasiyanın sədr müavini Cavanşir Salayev bizimlə söhbətində vurğuladı ki, federasiyanın yetirmələri daha çox ölkədaxili və beynəlxalq turnirlərdə uğur qazanıblar. Belə ki, Nail Hüseynov aprel ayında Ukraynanın Xarkov şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Himnini səsləndirməyə müvəffəq olub. Bununla yanaşı, elə aprel ayında federasiyanın yetirmələri əvvəlcə MMA üzrə Azərbaycan çempionatında çıxış ediblər. 1 qızıl, 8 gümüş və 1 bürünc medal qazanan idmançılarımız komanda hesabında da qaliblər sırasında olublar. Kikboksinq üzrə Azərbaycan birinciliyində isə idmançılarımız 1 qızıl, 2 gümüş medal qazanıblar. Bu, kikboksinqdə qazanılan tək uğur deyil. Belə ki, yetirmələrimiz fevral ayında da keçirilən analoji birincilikdə 6 müxtəlif əyarlı medal əldə ediblər.
Cavanşir Salayev muxtar respublikada keçirilən turnirlər barədə də məlumat verdi: “Federasiyamız cari ilin ötən dövrü ərzində Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra yarışlar, turnirlər təşkil edib. Yanvar ayında kikboksinq, fevral ayında taekvando, mart ayında isə MMA qaydasız döyüş idman növləri üzrə muxtar respublika birincilikləri keçirilib. Sevindirici haldır ki, bu birinciliklərdə yüzlərlə yeniyetmə və gənc idmançı mübarizə aparıb. May ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev kuboku” uğrunda yarışda idmançıların çıxışları daha çox yaddaqalan olub. Ümumiyyətlə, 8 ay ərzində federasiya nazirliklə birgə şəhər və rayonlarda 20-dən çox yarış, turnirlər təşkil edib. Həmçinin bu dövrdə Bakı şəhərindən dəvət olunmuş məşqçilər tərəfindən idmançılar və məşqçi-müəllimlər üçün seminarlar keçirilib”.
“Təbii ki, qazandığımız uğurlar federasiyamız üçün yaradılan şəraitdən irəli gəlir”, – deyən federasiyanın sədr müavini gələcək planlar haqqında da danışdı: “Qarşıdakı aylarda məqsəd federasiyanın nəzdində fəaliyyət göstərən bölmələrin iş qrafikini genişləndirmək və yeni idmançıları cəlb etməkdir. Şəhər və rayonlarda yeni bölmələrimiz açılacaq. Bunun üçün şərait də yaradılıb. Eyni zamanda federasiya Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq şəhər və rayon birincilikləri təşkil edəcək. Uğur qazanan idmançılarımız isə ölkə birinciliklərində Naxçıvanı təmsil edəcəklər”.
Ceyhun Məmmədov