Karate-do üzrə keçirilən Babək rayon açıq birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Babək Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkil etdiyi açıq birincilikdə 8 komandanın 120-dən çox idmançısı mübarizə aparıb.
Birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Nəriman Quliyev bildirib ki, karate-do idman növünün inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında şərait yaradılıb, bölmələr fəaliyyət göstərir. İdmançıların yarış təcrübələrini artırmaq üçün federasiya nazirliklə birgə mütəmadi olaraq tədbirlər təşkil edir. Bu da gələcəkdə idmançıların yarışlarda uğurlu nəticələr qazanmasına zəmin yaradır.
Sonra çıxış edən Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı idmançılara keçirilən yarış barədə məlumat verib və onlara uğurlar arzulayıb.
“Şərur” komandası bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi adını qazanıb. “Babək” komandası ikinciliklə kifayətlənib. Fəxri kürsünün üçüncü pilləsində isə culfalı karateçilər yer alıblar.
Sonda açıq birincilikdə fərqlənən komandalar diplomlarla təltif olunublar.
Ceyhun Məmmədov