22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gəncləri idmana cəlb etmək üçün mütəmadi olaraq yarışlar, turnirlər təşkil edilir. Eyni zamanda yeni idman bölmələri açılır ki, bura da müraciət edənlərin sayı gündən-günə artmaqdadır. Bədii gimnastika, stolüstü tennis, ağır atletika kimi bölmələr hazırda ən çox uğura imza atan bölmələrdir.

Gənclər və İdman Nazirliyi ilə yanaşı, muxtar respublikada idmanın inkişafına öz töhfəsini verən qurumlar federasiyalardır. Federasiyalar il ərzində plana uyğun olaraq təşkil etdikləri yarışlarda, turnirlərdə idmançıların təcrübələrini artırmaqla yanaşı, onları ölkə­daxili və beynəlxalq turnirlərə hazırlayırlar.
Naxçıvan Muxtar Respublikasında sevilən idman növlərindən biri də voleyboldur. Bu idman növünün inkişaf etdirilməsi üçün muxtar respublikada böyük işlər görülüb, zallar tikilib istifadəyə verilib və Voleybol Federasiyası yaradılıb. Bəs federasiya yaradılan şəraitə cavab olaraq bu ilin ötən dövründə hansı işləri görüb? Əvvəlcə qeyd edək ki, bu federasiyanın keçirdiyi tədbirlər yalnız Naxçıvanın əhatə dairəsində olub: ölkədaxili və beynəlxalq turnirlərdə çıxışlar və uğurlar olmayıb. Təbii ki, bu da Gənclər və İdman Nazirliyinin səyi nəticəsində olub. Belə ki, federasiya keçirdiyi bütün yarışları, turnirləri nazirliklə birgə təşkil edib və respublika dərəcəli hakimlər Naxçıvana dəvət olunub. Ümumiyyətlə, cari ilin ötən dövrü ərzində muxtar respublika daxilində 6 yarış, yoldaşlıq görüşləri keçirilib ki, burada da 250-yə yaxın voleybolçu qüvvəsini sınayıb.

İndi əminliklə deyə bilərik ki, federasiya elə bir böyük çatışmazlıqlarla qarşılaşmayıb: baza var, idmançı yetişdirmək üçün şərait yaradılıb. Belə olduğu halda Voleybol Federasiyasını yalnız bir məsələ düşündürməlidir: bu növü muxtar respublikada yüksək səviyyədə təbliğ etmək, voleybolun kütləvi hal almasına nail olmaq. Çünki böyük nailiyyətlərə imza atması üçün voleybolçulara geniş imkanlar yaradılıb. Hazırda voleybolçular məşqlərini yeni idman bazalarında, məktəb zallarında keçirə bilərlər.
Burada ortaya bəzi suallar çıxır. Federasiyanın uğurlar qazanması üçün muxtar respublika rəhbəri tərəfindən şərait yaradılıb, nazirlik isə federasiyanın idmançıları üçün məşq zalları ayırıb. Bəs Voleybol Federasiyası bundan necə istifadə edir? Sualımızı federasiyanın sədr müavini Aydın Mirzəyev belə cavablandırdı: “Hazır­da federasiyamızın nəzdində iki klub – “Naxçıvan-1” və “Naxçıvan-2” klubları fəaliyyət göstərir. Bununla yanaşı, yığma komandanı da formalaşdırmışıq və həftədə 2 dəfə 2 saat olmaqla İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məşqlərimiz olur”.
Həftə ərzində 2 saat məşqin kifayət edib-etməməsini soruşduqda Aydın Mirzəyevin cavabı belə oldu: “Həm vaxt, həm də zal baxımından məşqlər həftədə 2 dəfə olur. Muxtar respublikanın rayonlarında isə məşqlər həftədə 3 dəfədir. Yalnız Sədərək rayonunda hər gün məşqlər aparılır. Rayonlarımızda federasiya məktəblərin zallarından istifadə edir, onlar da məşq etmək üçün bizə şərait yaradırlar. Qaldı uşaq voleybolunun inkişafına, idman məktəblərinin nəzdində voleybol bölmələri fəaliyyət göstərir. Biz də federasiya olaraq həmin məktəblərdəki istedadlı uşaqları seçib klublarımıza dəvət edirik”.
Sonda federasiyanın sədr müavini 2016-cı ilin ilk 7 ayında muxtar respublikadan kənarda keçirilən yarışlara dəvət məktubu aldıqlarını və bu yarışlarda iştirak etmədiklərini bildirdi.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR