Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri cari ildə növbəti uğura imza atıblar. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edən və nailiyyət qazanan zəka sahiblərimiz bu dəfə Türkiyədə qüvvələrini sınayıblar. Belə ki, qonşu ölkənin Malatya şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında 21 şahmatçımız iştirak edib. Festivalın reqlamentinə əsasən, idmançılar müəyyən edilmiş qruplarda mübarizə aparıblar. “A” qrupunda qadınlar arasında mübarizə aparan Aynur Kətanova festivalı üçüncü pillədə başa vurub. Veteranların mübarizə apardığı “B” qrupunda isə həmyerlimiz Ələddin Bayramov üçüncü olub. “C” və “D” qruplarında qızlar arasında Bəsrin Babayeva və Nazlı Hümbətova müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar. Ümumiyyətlə, turnirdə iştirak edən 21 şahmatçımızdan 10-u Malatya Beynəlxalq Şahmat Festivalında mükafatlar qazanıb.
Ceyhun Məmmədov