İstənilən sahədə bir addım daha irəli getmək, digər insanlardan fərqli olmaq, edilən işin müsbət yöndə nəticəsini görmək – bunları uğur, müvəffəqiyyət, nailiyyət adlandırsaq, yəqin ki, yanılmarıq. İdmanda da uğur qazananlar daha güclü və iradəlilər, başqalarından mübarizə əzmi ilə seçilənlərdir.
Bəs uğur qazanmaq üçün nə etmək lazımdır? İnsan etdiyi hər hansı işə görə mükafat alır, uğur və şöhrət qazanır. Əgər insanın hər şeyi varsa, deməli, o, əlindən gələni edib ki, bunlara sahib olub. O zaman belə bir sual ortaya çıxır: bu uğuru niyə hamı əldə edə bilmir? Axı, hər kəs eyni hüquqa malikdir.
Həyatda uğur qazanmaq üçün, ilk növbədə, məqsəd aydın, irəliyə getmək üçün stimul olmalıdır. İdmanda uğur qazanmağı bir çox amillərlə əlaqələndirirlər. Psixoloji və fiziki hazırlıq, qarşıdakı turnirə və ya yarışa motivasiya, rəqiblərini dəyərləndirmək də bu amillər sırasındadır. Bunlar olmadıqda idmançının uğurlu çıxış etməsinə maneələr yaranır ki, bunu da bəzi idmançılar bəxt-tale ilə əlaqələndirirlər. Bu, məsələyə yanlış yanaşmadır.
Əvvəlcə onu qeyd edək ki, idmançı ciddi şəkildə öz məqsəd və istəklərini həyata keçirmək, ən yüksək pilləyə qalxmaq məqsədini qarşısına qoymalıdır. Elə idmançılar var ki, məşğul olduğu idmandan maksimum zövq ala bilir. Onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox sadə, təvazökar, xeyirxah və gülərüz təsir bağışlayırlar. Məhz belələri əksər hallarda uğur qazanır.
Uğur qazanmaq üçün idmançı məşq etdiyi insanlara da diqqət yetirməlidir. Yaxşı, perspektivli idmançı sizi hər bir başladığınız işdə dəstəkləyəcək, əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə, pessimist, həyatda heç bir uğur qazanmayan və qarşısında məqsədi olmayan idmançı planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər yaradacaq, sizi gördüyünüz işdən soyudacaq.
Peşəkar idmançının uğur qazanması üçün bir sıra məsələlərə diqqət edilməlidir. Bu hallar hansılardır? İlk olaraq qarşıya aydın məqsədlər qoyulması iş fəaliyyəti ilə əlaqələndirilməlidir, yəni bu işə olan maraqla bağlı yaranan motivasiya ciddi olmalıdır. Xüsusi məqsədlər daha çox məhsuldar olmalıdır ki, idmançı yarış meydanında yalnız qələbə barədə düşünə bilsin. Digər tərəfdən idmançının strategiyası məşqçi ilə üst-üstə düşməlidir. Bu zaman hər ikisinin qərar qəbul etməsi qələbəyə aparan yolun başlanğıcı hesab edilir.
Kollektiv idmanda idmançının öz üzərində işləməsi hər zaman komandanın işini anlamaq və həyata keçirmək üçün yeni bacarıqların əldə edilməsini təmin edir. Bu zaman komanda lideri (və ya kapitanı) komandaya və hər bir komanda üzvünə yeni yanaşmaları inkişaf etdirmək və təcrübədən keçirmək üçün imkan yaratmalıdır. Fərdi qaydada isə idmançı bacarıqlarını təsdiqləmək üçün müvafiq təlimə malik olmalı və vaxta qənaətlə yanaşmalıdır. Həmçinin idmançı gələcəyə baxışı müəyyən etmək, inkişaf etdirmək və fikrini aydın ifadə etmək üçün strategiyasına uyğun plan qurmalıdır. İnsanlarda özünə qarşı inam hissini yaratmağa və bu işə ən uyğun insan olduğunu sübut etməyə də ehtiyacının olduğunu göstərməlidir.
Peşəkar idmana qədəm qoymaq istəyən gənc uğur qazanmaq üçün vaxt və enerji sərf etməlidir. Hər kəs qiymətləndirilməyə ehtiyac duyur. İdmançılar öz azarkeşləri qarşısında öhdəliyi olduğunu da unutmamalıdırlar. Əgər bir idmançı azarkeşlərin dəyərini hər zaman bilirsə, onları qiymətləndirirsə, deməli, gördüyü iş, məşğul olduğu idman növü üzrə uğur qazana bilər.
Ceyhun Məmmədov