Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Naxçıvan” Sərhəd Diviziyasının təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü və “Sərhəd” hərbi-idman oyunu üzrə rayon birinciliklərinə start verilib. Böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışlarında şagirdlər 100 metr qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçış və qumbaraatma növləri üzrə öz məharətlərini göstərirlər.
Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədilə təşkil olunan “Sərhəd” hərbi-idman oyununda isə məktəblilər sıra hazırlığı, sərhəd növbətçisi tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, maskalanma, yaralanmış sərhəd növbətçisi üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi, ləpirçilik üzrə bacarıqlarını nümayiş etdirirlər.
Bu günlərdə Naxçıvan şəhər və Şahbuz rayonunda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, Ordubad rayonunda isə “Sərhəd” hərbi-idman oyunu keçirilib. Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəb ilə Şahbuz rayon Ayrınc kənd tam orta məktəbinin komandaları “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə şəhər və rayon birinciliklərinin qalibi olublar. Ordubad internat məktəbinin komandası isə “Sərhəd” hərbi-idman oyunu üzrə yarışda birinci yeri tutub. Fəxri yerləri tutan komandalara kubok, diplomlar və qiymətli hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti