Müasir dövrümüzdə çoxlarını daha çox cəlb edən idman növü futboldur. Futbol oynamaq üçün, ilk növbədə, daxili istək lazımdır. Bu baxımdan uşaqlarda heç bir problem yoxdur. Ayağı top tutan istənilən uşağın muxtar respublikanın müxtəlif bölgələrində tikilmiş meydançalarda futbol oynadığını görmək mümkündür. Dünya səviyyəli futbolçuların bu tipli meydançalardan çıxdığı da məlumdur. Bu gün uşaqların futbol vərdişlərinə yiyələnməsi, biliyini zənginləşdirməsi və daha geniş məkanda nümayiş etdirməsi üçün şərait də yaradılıb.
Naxçıvanda gənc nəslin fiziki-mənəvi inkişafı idmana, futbola yönəlməsi istiqamətində xeyli iş görülüb. Təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması, ali, orta ixtisas və ümumtəhsil məktəblərində futbol bölmələrinin açılması, məhəllə, xüsusilə kənd komandaları arasında futbol üzrə yarışların təşkili müvafiq qurumlar tərəfindən həyata keçirilir. Ali, orta ixtisas və ümumtəhsil müəssisələrində yeniyetmə və gənclərin idmanla məşğul olması üçün əlverişli şərait yaradılıb, futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində şagird və tələbələr arasında idmanın bu növünə maraq xeyli artıb. Uşaq, yeniyetmə və gənclər arasında futbol idman növünü təbliğ etmək, perspektivli futbolçuları üzə çıxarmaq məqsədilə il ərzində mütəmadi olaraq muxtar respublika səviyyəli çempionatlar təşkil olunur.
Uşaq futbolunda ilk olaraq ortaya çıxan sual, adətən, bu olur: perspektivli futbolçu necə yetişməlidir? Perspektivli futbolçunu üzə çıxarmaq üçün əsas amillərdən biri uşaqlar arasında yarışlar keçirmək, seleksiya xarakterli məşqlər təşkil etməkdir. Həm məhəllə futbolu, mini-futbol yarışları, həm də müxtəlif əlamətdar tarixi günlərə həsr olunmuş yarışlar, əslində, uşaq futbolunun inkişafının göstəricisidir. Mütəxəssislərin fikrinə görə, uşaq futbolunun inkişafı daha çox uşaq-gənclər idman məktəblərinin üzərinə düşür. Məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mövcud şəraitin yaradılması və uşaqların bu bölmələrə cəlb edilməsi günün tələbidir.
Muxtar respublika Gənclər və İdman Nazirliyi bu yöndə təqdirəlayiq addımlar atır və atmaqdadır. Bu gün “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində uşaq futbolu fəaliyyət göstərir və burada özlərini müsbət yöndə göstərən uşaqlar əsas komandaya cəlb olunur. Hazırda klub seçimlərə start verib və istedadlı uşaqları, yeniyetmələri komandaya cəlb edir.
Ümumiyyətlə, uşaq futbolunun inkişafı birbaşa infrastrukturdan, şəraitdən, maddi-texniki bazadan asılıdır. Çünki ilk addımlarını atan balacalar normal şəraitdə hazırlanmasalar, onların bacarıq və istedadlarını üzə çıxarmaq çətin məsələdir. Muxtar respublikada bu istiqamətdə hər şey öncədən düşünülüb, planlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının nəzdində uşaq futbol bölmələri fəaliyyət göstərir və burada yüzlərlə uşaq futbolun sirlərini öyrənir.
Uşaq futbolunun inkişafı baza ilə yanaşı, ilk növbədə, məşqçi amilindən də çox asılıdır. Məşqçi meydanda məşq prosesi keçməklə yanaşı, eyni zamanda metodist, müəllim olmalıdır. Futbol bir elmdir, futbolçunun meydanı görmək bacarığı, ani və düzgün hesablanmış qərar qəbul etməsi isə bu elmin bir açarıdır. Futbolçularda istənilən səviyyəni yaratmaq məşqçinin işi ilə ölçülür. Məşqçi uşağa kollektiv yanaşma ilə bərabər, onun xarakterinə uyğun olaraq fərdi qayğı da göstərməlidir.
Bu gün Naxçıvanda uşaq futbolunun hansı səviyyədə olduğunu öyrənmək üçün məşqçilərin də fikirlərini öyrəndik. “Araz-Naxçıvan”ın baş məşqçisi Sakit Əliyev ilk olaraq futbolla məşğul olmağın sağlamlığa faydaları haqda məlumat verdi: “Ümumiyyətlə, körpə yaşlarından idmanla məşğul olmaq vacibdir. Valideynlər uşaqları 2-3 yaşdan üzgüçülük, gimnastika, aerobika kimi idman növlərinə yönəltsələr, yaxşı olar. Futbola isə 4-5 yaşından etibarən başlamaq tövsiyə edilir. Lakin bu yaşda futbol daha çox əyləncəli oyun kimi keçirilməli, uşaq bundan zövq almalıdır. Çünki həmin yaşda uşağa taktika, texnika başa salmağa çalışmaqla, o məşqdən effekt almaq olmaz”.
Futbol uşağa nə vəd edir? Bu sualımızı isə məşqçi belə cavablandırdı: “Hazırda bu, uşaqlar üçün çox fərqli sualdır. Əgər dünya futbolundan danışsaq, uşaqlara, ilk növbədə, sosiallıq bəxş edir. Statistikaya görə, uşaqların, təxminən, 50 faizi yetkinlik yaşına çatdıqdan sonra futbolla məşğul olmağı yekunlaşdırıb başqa sahəyə keçir. Lakin təcrübə göstərib ki, onlardan bəziləri gələcək karyeralarını qurmaqda çətinlik çəkirlər. İdman və təhsil problemi həmişə olub, idmana gedənlər təhsili bir kənara qoymalı olublar. Uşaq 15 yaşına kimi futbolla yanaşı, təhsilinə də fikir verməlidir. Çünki futbol ayaqla yanaşı, başla da oynanılan bir idman növüdür”.
Futbol Federasiyasının məşqçi-müəllimi İntiqam Rəhimov da eyni fikirdədir. Onun fikrincə, futboldakı çatışmazlığı aradan qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır, uşaqlara futbolu elm kimi aşılamaq vacibdir. Bununla yanaşı, uşaqların mənəvi dayağa ehtiyacları var. Bu gün futbol meydançalarımızda kiçik istedadlar məşq etməsi üçün lazım olan bütün şərait var. Onların bəziləri ilə Azərbaycanın çox klubları maraqlanır. Məqsədimiz Naxçıvan futbol ənənələrini davam etdirmək və uşaqları bu idman növünə cəlb etməkdir.
“Darıdağ” uşaq futbol komandasının məşqçisi Şəhriyar Məmmədov isə bizimlə söhbətində bildirdi ki, əsas həvəs uşağın özündə olmalıdır: “Hazırda komandada 50-yə yaxın 2002-2006-cı illər təvəllüdlü uşaqlar məşq edir. Onların əksəriyyəti gələcəyin böyük futbolçusu olmaq potensialına malikdir. Çünki onlar üçün hər bir şərait yaradılıb, məşqlər plana uyğun olaraq aparılır. Sadəcə, uşağın özü qarşısına məqsəd qoymalıdır. Bu mənada, biz də onlara dəstək oluruq. Bu gün muxtar respublikada idman infrastrukturu tam qaydasındadır. Uşaqlara isə bundan yalnız istifadə etmək qalır”.
Ceyhun Məmmədov