Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə 2001 və 2003-cü illər təvəllüdlü qızlar arasında keçirilən üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub. Yarışın keçirilməsində məqsəd yay tətili günlərində məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaq olub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkil etdiyi birincilik üzgüçülüyün sərbəst üsulu üzrə keçirilib. 25 metr məsafədə keçirilən yarışda 2 yaş qrupunda 30-a yaxın idmançı mübarizə aparıb.
Yarışın yekununa əsasən, 2001-ci il təvəllüdlü idmançılar arasında Esmiralda Həsənzadə, Yasəmən Orucova, Səma Nəbiyeva, 2003-cü il təvəllüdlü idmançılar arasında isə Tahirə Həsənzadə, Nübar Qənbərova, Aysel Hüseynova müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun Məmmədov