22 Dekabr 2024, Bazar

Bu gün ölkəmizdə ən çox sevilən idman növlərindən biri futboldur. Naxçıvan Muxtar Respublikasında da ən kütləvi idman növü olan futbolun zəngin tarixi və ənənələri var. İstər ötən əsrdə, istərsə də indi Naxçıvan Azərbaycan futboluna peşəkar futbolçular və məşqçilər bəxş edib.
Təbii ki, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bu sahədə uğur qazanmaları üçün diqqət hər zaman vacibdir və uşaq futbolunun inkişafı birbaşa infrastrukturdan, şəraitdən, maddi-texniki bazadan asılıdır. Qürurvericidir ki, bütün bunlar muxtar respublikamızda təmin olunub. Müasir stadionlar, məşq meydançaları, yüksəkkeyfiyyətli inventarlar, avadanlıqlar uşaq və gənclərin yolunda konkret perspektiv körpü rolunu oynayır.
Naxçıvan Muxtar Respublikasında uşaq futbolunun inkişafına öz töhfəsini verən klublardan biri də “Darıdağ” Futbol Klubudur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən klub öz istedadlı yetirmələrinin oyunları ilə öyünə bilər. Komanda mütəmadi olaraq uşaq futboluna dəstək verir, muxtar respublikada bu növə uşaqların marağını artırmaq üçün yoldaşlıq görüşləri, turnirlər, yarışlar təşkil edir. Son olaraq Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarış bunun bariz nümunəsidir.

Komandanın baş məşqçisi Şəhriyar Məmməd­ovla söhbətimizdə ilk olaraq uşaqların seçim məsələlərinə toxunduq. O bildirdi ki, klubda, adətən, iyun və yanvar aylarında keçirdiyimiz seçimlər daha genişmiqyaslı olur. Bu barədə müəyyən vasitələrlə əvvəlcədən məlumat veririk. Muxtar respublikanın hər bölgəsindən istedadlı uşaqları toplayırıq. Ən yaxşılarını seçdikdən sonda namizədlərlə müqavilə bağlanılır. Lakin bundan öncə onların tibbi baxışdan keçmələrini tələb edirik. Əgər kiminsə sağlamlığında problem aşkarlanarsa, onun valideyninə məlumat verilir ki, müəyyən müddət idmanla məşğul olmasın.
“Darıdağ” Futbol Klubu bir ildən çoxdur, fəaliyyət göstərir. Hazırda klubun 4 yaş qrupu üzrə – 11, 12, 13 və 14 yaşlılardan ibarət komandaları var. Həftənin 6 günü məşq prosesi keçən qrupların hər birində 15 uşaq futbolun sirlərini öyrənir.
Şəhriyar Məmmədov onu da bildirdi ki, istedadına güvənən istənilən uşaq kluba müraciət edə bilər: “Klubumuzun qapısı hər zaman istedadlı uşaqların üzünə açıqdır. Məqsədimiz muxtar respublikada futbolu inkişaf etdirmək və kütləviləşdirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında futbolun populyarlığını daha da artırmaqdır. Başqa sözlə desək, əsas məsələ peşəkar futbol deyil, sosiallıq səviyyəsini qaldırmaqdır. Uşaqları körpə yaşdan idmana cəlb etmək lazımdır ki, cəmiyyətə inteqrasiya etsin. Çünki bu, gələcəkdə onların kamil insan kimi formalaşmasında böyük rol oynayır. Sevindirici hal odur ki, uşaq futbolunda əldə etdiyimiz uğurlar gündən-günə artmaqdadır. Uşaq futbolunun inkişafı, ümumilikdə, futbolun inkişafına böyük təsir göstərir. Daxili İşlər Nazirliyinin dəstəyi sayəsində bir il ərzində bizə müraciət edənlərin sayı 100-dən çox olub. Heyətimizdə olan futbolçuları AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçirmişik. Gələcəkdə bu futbolçuların Naxçıvan futbolu üçün uğur qazanacağına və milli komandada çıxış edəcəyinə əminik”.
Muxtar respublikamızda gənc nəslin fiziki-mənəvi inkişafı, zərərli vərdişlərdən uzaqlaşması və idmana, futbola yönəlməsi istiqamətində görülən işlər qürur doğurur və işlərin davamlı xarakter alması göz qabağındadır. İndi bu uşaqların, sadəcə, mənəvi dayağa ehtiyacları var. Əgər məşqçilər, valideynlər tərəfindən bu dayaq daimi olarsa, o zaman yaradılan şəraitdən istifadə edən uşaqlar futbol ənənəsi olan Naxçıvanı daha böyük yerlərdə təmsil edəcəklər.

 Ceyhun Məmmədova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR