22 Dekabr 2024, Bazar

Güləş, Boks, Şərq Döyüşü Sənəti və Karate-do federasiyalarının uğurları daha çoxdur

Bu gün muxtar respublikada müasir idman infrastrukturu yaradılıb. Hər ay Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, turnirlər, yarışlar təşkil olunur. Təbii ki, belə yarışların təşkili yetişməkdə olan idmançıların yarış təcrübəsinin artmasına öz təsirini göstərir. Hazırda muxtar respublikada 12 idman federasiyası fəaliyyət göstərir və onlar cari ilin ilk 6 ayı ərzində bir çox uğura imza atıblar. Düzdür, “uğur” kəlməsi hamısına aid olmasa da, bəzi federasiyalar yetişdirdikləri idmançıların nailiyyətlərinə sevinə bilərlər. 

 İlk 6 ay ərzində uğur qazanan federasiyalar muxtar respublika üçün Avropa çempionu yetişdirməklə yanaşı, həm də beynəlxalq turnirlərdə mükafatçılar siyahısına düşməyi bacarıblar. Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi Nail Hüseynov aprel ayında Ukraynanın Xarkov şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Himnini səsləndirməyə müvəffəq olub. Ümumiyyətlə, aprel ayını federasiya üçün uğurlu təqvim hesab etmək olar. Bu ay ərzində federasiyanın yetirmələri əvvəlcə MMA üzrə Azərbaycan çempionatında çıxış ediblər. 1 qızıl, 8 gümüş və 1 bürünc medal qazanan idmançılarımız komanda hesabında da mükafatçılar sırasına düşüblər. Elə həmin ay kikboksinq üzrə Azərbaycan birinciliyində idmançılar 1 qızıl, 2 gümüş medal qazanıblar. Qeyd edək ki, federasiyanın yetirmələri fevral ayında da keçirilən analoji birincilikdə 6 müxtəlif əyarlı medala layiq görülüblər. 

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələrinin də uğurları alqışlanasıdır. Belə ki, Rusiya Federasiyasının Anapa şəhərində keçirilən Avropa çempiona­tının bürünc medalını qazanan Sərxan Əliyev Azərbaycan birinciliyində də fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Ölkə birinciliyində Muxtar Fərzəliyev və Toğrul İsmayıllı da mükafat qazanan idmançılarımızdandır. Boks Federasiyasının digər yetirməsi Tayfur Əliyev isə fevral ayında Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirin qalibi, Bakıda təşkil edilən “İpək Yolu” beynəlxalq turnirinin üçüncüsü olub. Federasiyanın uğurları bununla bitmir. Belə ki, İran İslam Respublikasında keçirilən turnirdə Naxçıvan boksçuları 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Cari ilin ilk yarımilində muxtar respublika idmanına öz töhfəsini verən federasiyalardan biri də Güləş Federasiyasıdır. Federasiyanın yetirmələri Naxçıvanda keçirilən yarışlarla yanaşı, ölkədaxili və beynəlxalq turnirlərdə də uğurla çıxış ediblər. Belə ki, idmançılarımızdan Abbas Məmmədov cüdo üzrə Türkiyənin Adana və Ukraynanın Odessa şəhərlərində keçirilən beynəlxalq turnirlərin qalibi olub. O, həmçinin Şəmkir şəhərində təşkil olunan respublika turnirində mükafatçılar sırasına düşüb. Güləşçimiz Abbas Həsənov isə Balakən şəhərində məktəblilərin X respublika oyunlarında bürünc medal qazanıb.
Karate-do Federasiyasının yetirmələri də ilk 6 ayı uğurla başa vurublar. İran İslam Respublikasının Astara şəhərində keçirilən beynəlxalq turnirdə 3 medal qazanan karateçilərimiz ölkədaxili turnirlərdə də böyük sevinc anları yaşayıblar. Azərbaycan Milli Karate Federasiyasının təşkil etdiyi 3 müxtəlif turnirdə muxtar respublikanı 20-dən çox idmançı təmsil edib və onlar, ümumilikdə, 9 medal qazanıblar.
Uğurları ilə seçilən federasiyalardan biri də Şahmat Federasiyasıdır. Zəka sahiblərimiz cari ilin ilk yarısında Türkiyənin Kahramanmaraş, Ordu, Çorum və Manisa şəhərlərində keçirilən beynəlxalq turnirlərdə qüvvələrini sınayıblar. Sevindirici haldır ki, şahmatçılarımız bu turnirlərdə Naxçıvanı layiqincə təmsil ediblər. Federasiyanın 21 yetirməsi Biləsuvar şəhərində keçirilən Azərbaycan çempionatının seçmə yarışlarında iştirak edib və 3 vəsiqə qazanıb. 12 yaşa qədər şahmatçıların Azərbaycan çempionatında isə 4 şahmatçımız mübarizə aparıb və bir idmançımız üçüncü yerə layiq görülüb.
Futbol Federasiyası isə Azərbaycan zona birinciliklərinin qalibi olan 10, 11, 12, 13 və 14 yaşlı futbolçuları, həmçinin VII siniflər arasında “Məktəbli kuboku” turnirinin qaliblərini Bakı şəhərində təşkil olunan final mərhələsinə göndərib.
Uğur qazanmaq hər bir idmançının arzusu, təmsil etdiyi federasiyanın borcudur. Buna nail olmaq üçün qətiyyətli addım atmaq isə bunlardan daha vacibdir. Təəssüflər olsun ki, 2016-cı ilin ilk 6 ayı ərzində Basketbol, Atıcılıq, Hava və Ekstremal İdman Növləri, Voleybol, Paralimpiya və Yüngül Atletika federasiyaları yalnız Naxçıvan Muxtar Respublikasında təşkil olunan idman tədbirləri ilə kifayətləniblər. Halbuki muxtar respublika rəhbəri tərəfindən bu idman növlərinin kütləvi hal alması və təbliğ olunması üçün hər bir şərait yaradılıb. Belə olduqda isə idmançı yetişdirmək və onların ən azından ölkə­daxili turnirlərdə iştirakını təmin etmək heç də çətin deyil.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR