Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2003-2004 və 2005-2007-ci illər təvəllüdlü) arasında üzgüçülük üzrə keçirilən Naxçıvan şəhər birinciliyini İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov açıq elan edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd üzgüçülük idman növünü inkişaf etdirməkdən, məktəbliləri sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir. Birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilir.
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışda 2 yaş qrupunda 40-a yaxın idmançı iştirak edib. Yarışın yekununa əsasən, 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında Amil Kətanov, 2005-2007-ci illər təvəllüdlü idmançılar arasında isə İsmayıl Yaqubov bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.
Ceyhun Məmmədov