Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında 2003-cü və 2005-ci illər təvəllüdlü uşaqlar arasında futbol üzrə keçirilən Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun birgə təşkil etdiyi birincilik 2 yaş qrupu üzrə keçirilib. Yarışdan öncə çıxış Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun sədr müavini Cavanşir Salayev və Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildiriblər ki, birinciliyi keçirməkdə məqsəd Naxçıvan şəhərində yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq və onları futbol idman növünə cəlb etməkdir.
8 komandanın iştirak etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin komandaları ilə yanaşı, Şərur rayon Aralıq kəndinin və Culfa şəhərinin komandaları da mübarizə aparıblar. Olimpiya sistemi və futbolun mövcud qaydalarına əsasən keçirilən yarışın yekun nəticəsinə görə, 2003-cü il təvəllüdlü futbolçular arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun “Darıdağ” komandası qalib adını qazanıb. 2005-ci il təvəllüdlü futbolçuların mübarizəsində isə “Aralıq” komandası bütün rəqiblərinə qalib gəlib.
Qalib komanda və komanda üzvləri Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun diplom, fəxri fərman və medalları ilə təltif olunublar.
Ceyhun Məmmədov