22 Dekabr 2024, Bazar

İdman sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayan sahədir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin uşaqlar, yeniyetmələr və gənclər arasında kütləvi hal alması üçün təqdirəlayiq işlər görülür. Elə il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq keçirilən yarışlarda, turnirlərdə 10 minlərlə idmançı iştirak edir. Təbii ki, iştirakçıların hamısı peşəkar karyeraya sahib olmasa da, nazirlik ən azından onların sağlam fərd kimi böyüməsinə köməkliyini göstərir.

Uşaq, yeniyetmə və gənclərin məşq proseslərinin daha düzgün, daha effektli alınması üçün hazır­da muxtar respublikanın şəhər və rayonlarında idman zalları, eləcə də məktəb zalları fəaliyyət göstərir. Bunlardan istifadə isə idman federasiyalarının üzərinə düşən əsas vəzifələrdən biridir: baza dövlət tərəfindən yaradılır və federasiyalara idmançı yetişdirmək üçün verilir.

Rayonlarda bəzi federasiyaların bölmələrinin işinin hansı yerdə olduğu məlumdur: onların bəzilərinin varlığı formal xarakter daşısa da, bəzilərinin işi alqışlanasıdır. Demək olar ki, rayonlarda federasiyaların işi gənclər və idman idarələrinin üzərinə düşür. Onlar öz bazalarında idman növləri üzrə bölmələr açıblar ki, bu da daimi olaraq nazirliyin diqqət mərkəzindədir.
Rayonlarda mütəmadi olaraq iş görən, idmanın inkişafı, kütləvi hal alması üçün çalışan federasiyalardan biri də Basketbol Federasiyasıdır. Federasiya rayonlarda fəaliyyət göstərən bölmələrinə müəllimlər təyin edib, onların məşq proseslərini diqqətdə saxlayır. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hazırda 10 oğlan, 2 qız qrupu fəaliyyət göstərir və qruplarda 200-dən çox basketbolçu bu idmanın sirlərini öyrənir. Rayonlardan fərqli olaraq, Naxçıvan şəhərində keçirilən məşqlər heç də qənaətbəxş deyil. Niyəsinə gəlincə...
Bu növə xüsusilə uşaqların maraq göstərməsi sevindirici haldır. Onların məşq zamanı canfəşanlığı, əylənməsi diqqətdən yayınmır. Məşqçinin işini isə xüsusi qeyd etmək lazımdır: onun uşaqların hər birinə ayrılıqda diqqət göstərməsi, məşqlərdə diqqətcil olması alqışalayiq haldır. Lakin işin əsas məsələsi məşq saatlarının az olmasıdır. Belə ki, federasiyanın şəhər bölməsinin məşqini izləyərkən bir nüans diqqətimizi cəlb etdi. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən məşqdə 40-50 uşaq bu növlə məşğul olurdu. Ancaq onların məşq vaxtı cəmi 1 saatdır. Valideynlər bildirdilər ki, uşaqlar həftədə iki dəfə – I və V günlər məşq edirlər və elə olur ki, onların əlləri topa dəymir. 40-50 uşaq 1 saat ərzindəki məşqdən nə öyrənəcək? Dünya praktikasında kollektiv idman növləri ilə keçirilən məşqlərin həftəlik saatı yaş fərqinə görə 15-28 saat arasında dəyişir. Basketbol məşqlərini keçmək üçün isə muxtar respublikanın bütün məktəblərində zallar fəaliyyət göstərir. Ən azından federasiya hər hansı məktəbə müraciət edərsə, yəqin ki, “yox” cavabı almaz.
Məsələyə münasibət bildirmək üçün federasiyanın sədr müavini Ənvər Məmmədovun fikirlərini öyrəndik. Qurum rəsmisi bildirdi ki, hazırda məşqlər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində həftədə iki dəfə aparılır. Sentyabrdan isə ötən dərs ilində olduğu kimi, “Naxçıvan” Universitetinin idman zalında da məşqlərə start veriləcək. Yəni həm universitetin, həm də kompleksin zalında məşqlər keçiriləcək. Məktəblərə məşq keçmək üçün müraciət etmə­mişik. Çünki zallarda digər məşqlər keçirilir və yaxud məktəb müəllimlərinin dərsləri olur.
Bəs müraciət olunarsa, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi buna hansı cavabı verəcək? Nazirliyin əməkdaşı Rasim Rüstəmov bildirdi ki, federasiya bu barədə onlara müraciət etməyib. Əgər belə bir müraciət olunarsa, təbii ki, buna nazirliyin cavabı müsbət olacaq. Naxçıvanda fəaliyyət göstərən bütün məktəblərimizin idman zalları var və basketbol məşqləri üçün də əlverişlidir. Müəllimlərin dərsləri ilə üst-üstə düşə bilər məsələsinə gəlincə, federasiyalar bizə müraciət edərsə, tətil və ya tədris vaxtı onların məşq etmələri üçün nazirlik hər hansısa bir məktəbin idman zalında şərait yaradar. Tətillərdə isə nazirlik uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlbi yönündə müxtəlif işlər görür, Uşaq-gənclər idman məktəbləri federasiyalarla birgə tədbirlər təşkil edir.
Göründüyü kimi, federasiyadan müraciət olunmayıb. Ona görə də bəzi federasiyalar valideynlərin haqlı iradlarını qəbul etməlidirlər.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR