22 Dekabr 2024, Bazar

Bədii gimnastika üzrə keçirilən yarışlarda muxtar respublikadan idmançıların olmasını, yəqin ki, mənim kimi oxucularımız da arzulayır. 2014-cü ildə gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın kütləviləşməsi istiqamətində tədbirlərə start verilməsi önümüzdəki illərdə bu arzumuza çatacağımıza ümid yaratdı. Ən mühüm tədbirlərdən biri isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” bədii gimnastika bölməsinin yaradılması oldu. 

Qısa zamanda bölmə öz ətrafına onlarla uşaq və yeniyetməni toplaya bildi. Bu növün inkişafı üçün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bağçalara, məktəblərə afişalar vuruldu. Əvvəllər məşqlər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində aparılsa da, sonradan məşq yeri dəyişdirildi. Bunun səbəbi isə müraciət edənlərin sayının çoxluğu ilə əlaqədardır. İndi bədii gimnastika məşqlərinin keçirilməsi üçün Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında böyük və hərtərəfli şəraitlə təmin olunan zal ayrılıb. Məşqlər məşqçi-müəllim, Azərbaycanın idman ustası Humay Qafarova tərəfindən aparılır.

Bölmə haqqında danışmamışdan əvvəl bədii gimnastika haqqında qısa məlumat vermək istəyirəm. “Gimnastika” termini e.ə, təxminən, V əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Hazırda gimnastika idmanın ən geniş yayılmış növlərindən biridir və onun 4 növü var: idman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, tamblinq. Aktyorluq, balet, musiqi və pantomim ilə birlikdə edilən bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü ildən Yay Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünəxas qaydaları və qiymətləndirmə sistemi var. Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. 1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən I Ümumdünya Gimnastika Turnirində iştirak edərək Azərbaycanı dünya arenasında gimnastika üzrə ilk dəfə təmsil edən idmançı kimi tarixə düşüb. Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkədə gimnastika, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Yuxarıda da qeyd etdiyimiz kimi, “Xatun” bədii gimnastika bölməsinin yaradılması ilə muxtar respublikada da bu idman növünün əsası qoyuldu. İncəlik və zəriflik tələb edən bu idman növünə muxtar respublikada getdikcə maraq artır. Hazırda muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın uşaq məşqlərdə iştirak edir. Bölmənin bir neçə məşqində iştirak etdik. Məşqlərdə azyaşlı uşaqlar çoxluq təşkil edirdi. Məşqçi-müəllim Humay Qafarova bildirdi ki, bədii gimnastikada uğur qazanmağın təməli bu yaşlardan qoyulur. Gimnastika elastiklik tələb etdiyindən bu növə uşaq vaxtlarından başlamaq lazımdır. Yəni 3-11 yaş arası qızlarımız məşğul ola bilərlər.
Sevindirici haldır ki, bölməyə sağlamlıq imkanları məhdud olan uşaqlar da cəlb olunub. Bunun üçün ayrıca qrup yaradılıb. Onlara xüsusi olaraq diqqət göstərilir. Hər bir uşaqla yaxından maraqlanılır. Bəzi istedadlı uşaqlara isə əlavə olaraq məşq keçirilir. Bu kateqoriyadan 10 nəfər bədii gimnastikayla məşğul olur.
Məşqlər hər həftənin I, III və V günləri keçirilir. Valideynlər uşaqların bu idman növünə yiyələnməsində maraqlıdırlar. Valideyn Güllü Həsənova deyir:
– Qızım Ayşənin 8 yaşı var. Bölmədəki məşqlərdən çox razıyıq. Artıq bir ildir ki, qızım burada bədii gimnastika ilə məşğul olur.
Valideyn Aygün Rüstəmovanın dediklərindən:
– Ailəlikcə gimnastika idman növünü çox sevirik. Burada belə bölmənin yaradılmasından xəbərsiz idik. Yaxın qohumlardan birinin övladı bura gəldikdən sonra xəbərimiz oldu. Uşaqlarımıza yaradılan belə şəraitə görə minnətdarıq.
Qeyd edək ki, bölmədə Bakıdan, Türkiyə Respublikasından olan uşaqlar da məşq keçir. Həmin uşaqların valideynlərindən Özgənc Yeşimlə həmsöhbət olduq:
– Öz şəhərimizdə övladım bədii gimnastikayla mütəmadi məşğul olur. Tətil üçün qohumlarımızın yanına – Naxçıvana gəldik. Bədii gimnastika ən çox böyük şəhərlərdə olur. Kiçik məmləkətdə belə bir bölmənin olmasını eşidəndə sevindik. Övladım məşqlərdən geri qalmayacaq.
Bəli, bölmə öz ətrafına onlarla uşağı toplaya bilib. Onlar artıq tədbirlərdə, yarışlarda iştirak etməyə başlayıblar. Təbii ki, bu bölmənin yaradılmasının bəhrəsini uzun illər sonra görəcəyik. Heç şübhə yoxdur ki, bu bölmənin yetirmələri Azərbaycanın bədii gimnastikasında öz sözünü deyəcək və muxtar respublikamız bu idman sahəsində də bir çox uğurlara imza atacaq.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR