Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kişilər və gənclər arasında MMA döyüş növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev bildiriblər ki, birinciliyin keçirilməsində əsas məqsəd MMA döyüş növünü kişilər və gənclər arasında təbliğ etməklə, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq və federasiya tərkibində fəaliyyət göstərən klubların işini təkmilləşdirməkdir.
Yarışda 7 çəki dərəcəsində 80 idmançı qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən döyüşdə Əkbər Əliyev, Nizami Hüseynov, Rüstəm Bağırov, Cəfər Abbasov, Xızır İsmayılov, Fərdi Bağırov, Nəcəfəli Nəcəfov müvafiq olaraq 50, 56, 61, 66, 70, 77, 84 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar təşkilatçıların diplomları ilə təltif ediliblər.
* * *
Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Şahbuz rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yarış başa çatıb. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının Şahbuz rayonunda fəaliyyət göstərən bölməsinin üzvləri arasında keçirilən karate-do üzrə Şahbuz rayon birinciliyi Şahbuzkənd tam orta məktəbinin idman zalında keçirilib.
Yarışda 2004-2008-ci illər təvəllüdlü oğlanlar, 2006-cı il təvəllüdlü qızlar mübarizə aparıblar. Rauf Bağırov, Pünhan Həsənov, Rəşad İmamquliyev, Anar Hüseynov, Məhəmmədəli Sadiqov və Səmra Sadiqova bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüblər.
Birincilikdə I, II, III yerləri tutmuş idmançılara təşkilatçıların diplomları təqdim olunub.
Ceyhun Məmmədov