22 Dekabr 2024, Bazar

İdman etməmək üçün çox bəhanələr tapmaq olar: işin çoxluğu, vaxtın azlığı, idmana həvəssiz yanaşma, havanın soyuq və ya isti olması və sair. Bəs idman etmək üçün insan özünü nəyə məcbur etməlidir? Təbii ki, bu sualın kifayət qədər cavabı var. Bu cavablardan biri lap dəqiqdir: insan hər şeyi etməyə qadir varlıqdır. Bunun üçün, sadəcə, bir az iradə və cəsarət lazımdır.
İnsan idmanla məşğul olmursa, bu, onun tənbəlliyindən deyil, buna öyrəşməməyindən irəli gəlir. Ağır iş günündən sonra uzanmaq istəyinə güc gəlib idmanla məşğul olmaq lazımdır. Bunun ən rahat yolu işdən birbaşa idman zalına getməkdir. Bu ənənə 3-4 həftə davam edərsə, o zaman insan tənbəlliyə qalib gələcək. Bəzən burada bir sual yaranır: hansı idman növünü seçək? Gündəlik trenajor məşqlərindən sıxıldıqda və ya bu idmanı sevmədikdə, velosiped, qaçış, futbol, tennis, basketbol kimi növlərə müraciət etmək mümkündür. Ev şəraitində isə əzələ kütləsini artırmaq elə də vaxt almayacaq.

İdmanda belə bir deyim var: əgər sizin hobbiniz fiziki aktivliklə bağlıdırsa, siz potensial idmançısınız. Evə gəzə-gəzə getmək, velosiped ilə gəzinti belə, əzələləri işlədir və kalori yaradır. İdman edərkən neqativ hallardan uzaq durmaq, orqanizmi sakitləşdirmək və ətrafı seyr etmək psixoloji durumun yaxşılaşmasından xəbər verir. Bunları əldə etmək üçün məşğul olduğumuz idman növünə motivasiya etmək lazımdır. Yaxud, başqa tərzdə desək, idman etməyə özümüzü vadar etmək üçün müəyyən motivasiya qaydalarını bilməliyik. Bəs bu qaydalar hansılardır?
İnsan yeni məqsədlərə gedən yolda ilk olaraq hazırkı vəziyyətinin onu nə üçün narahat etdiyini bilməlidir. Müəyyən hallar olur ki, insan öz bədən quruluşuna, fiziki göstəricilərinə heç də yaxşı yanaşmır. Buna görə məhz birinci olaraq bu fikirdən yayınmaq lazımdır.
Orqanizmə ən böyük ziyan vuran hal siqaret çəkməkdir. Bundan bir ədəd istifadə insanın birhəftəlik məşqini məhv edir. Həmçinin məşq etdikdən sonra siqaret tüstüsü olan yerdə dayanmaq orqanizmi zədələyir. Həkimlər məsləhət görürlər ki, idmanla məşğuliyyəti müntəzəm surətdə davam etdirmək, sağlam həyat tərzi yaşamaq istəyən kəslər buna daha yaxşı motivasiya olunmaq üçün belə vərdişlərdən uzaq olmalıdırlar.
İnsan məqsədini vizuallaşdırmaq üçün özünə uyğun olan idman növünü seçməlidir. Bu zaman o, öz boyuna və genetikasına fikir verməlidir. Həmçinin qarşısına real məqsədlər qoymalıdır: 4-6 ay ərzində nəyə nail olmalıyam? “Niyə məhz 6 ay” sualına gəlincə, qısa vaxt kəsiyində idmanın niyə effekt vermədiyini özümüz üçün aydınlaşdırmaq başlıca məsələdir. Mütəmadi olaraq bədən quruluşuna baxmaq, əzələlərin niyə inkişaf etmədiyini düşünmək idmandan uzaqlaşmağa səbəb olan amillərdir. Motivasiya üçün bu fikirdən daşınmaq lazımdır.
İnsan idman etməyə motivasiya olarkən, eyni məşq prosesi üzərində dayanmamağı üstün tutmalıdır. Əgər bu hal tez-tez təkrarlanarsa, o zaman orqanizmin inkişafında irəliləyiş görünməz. Bu da insanda müəyyən vaxtdan sonra tənbəllik yaradar. Odur ki, məşq prosesini təyin olunmuş vaxtdan sonra tez-tez artırmaq, sürətləndirmək lazımdır. Həmin müddət zamanı əgər güc və kardio məşqlərindən sonra hələ də gücünüz qalıbsa, deməli, siz özünüzü bu işə əla motivasiya edibsiniz.
Göründüyü kimi, insan motivasiya nəticəsində idman etmək gücünə malik ola bilər. Əsas olan bu gücü özündə tapmaq və özünü idmanla məşğul olmağa məcbur etməkdir. Özümüzü idmanla məşğul olmağa məcbur edək. Çünki idman sağlamlıqdır.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR