22 Dekabr 2024, Bazar

İdmanla məşğul olmaq bədənimizi və ruhumuzu sağlam saxlayır. Müxtəlif idman növləri orqanizmimizə fərqli təsir göstərir. Çünki hər idman növü fərqli əzələlərə istiqamətlənir. Bu idman növləri içərisində üzgüçülük xüsusi əhəmiyyət kəsb edir: ideal bədən və əzələ quruluşuna sahib olmağımıza köməklik edir, beyin üçün faydalıdır. Son illər avstraliyalı mütəxəssislər uzunmüddətli təcrübə aparıblar. Onlar belə qənaətə gəliblər ki, üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur, bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır. Mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 10 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri kifayət qədər maye qəbul etməkdir. Bu yolla itirilən enerjini tez zamanda bərpa etmək mümkündür.

Üzmək eyni zamanda təzyiq və ürək problemi olan xəstələrə müsbət təsir edir. Üzməkdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir. Lakin üzgüçülüyün faydaları ilə yanaşı, bəzi mənfi tərəfləri də var. Belə ki, bu idman növü xüsusi diqqət tələb edir. Bəzi hallarda insanların diqqətsizliyi nəticəsində üzməkdən sonra onlarda spazma yarana bilir. Bu kimi təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşı qurulamaq, bədəni soyuqdan qorumaq lazımdır.

Ümumiyyətlə, məsələyə dərindən yanaşsaq, su maddə olaraq insanı rahatladan, neqativ enerjini bizdən alan ən mükəmməl vasitədir. İnsanın ruhi və fiziki rahatlığını ifadə edən bir deyim də var: “Özümü sudakı balıq kimi hiss edirəm”. Üzgüçülüyün faydalı tərəflərini araşdırsaq, görərik ki, bu növlə məşğul olmaq insanı nə qədər gümrah saxlayır. Müasir həyat standartları daha çox oturaq iş həyatı ilə xarakterizə olunur. Bu baxımdan peşəkar səviyyədə olmasa da, üzgüçülüklə məşğul olmaq insanların ümumi həyat reflekslərini stabil vəziyyətdə saxlayır.
Muxtar respublikada bu idman növü də diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin və Şərur Olimpiya-İdman Kompleksinin nəzdində üzgüçülük mərkəzləri fəaliyyət göstərir. Naxçıvan şəhərindəki üzgüçülük mərkəzində fərdi qulluqla yanaşı, vətəndaşlar üçün üzgüçülük dərsləri də keçilir. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbov bizimlə söhbətində vurğuladı ki, artıq yay mövsümünün gəlişi bura müraciət edənlərin də sayına müsbət təsir göstərib: “Hazırda üzgüçülük mərkəzinə fərdi müraciətlər çoxalıb. Burada oğlanlar və qızlar üçün məşqlər keçirilir. Həftənin II, IV və VI günləri günün ilk yarısında qızlar üçün, həftənin digər günləri isə oğlanlar üçün məşqlər təşkil edilib. Müraciət edənlər daha çox yeniyetmələrdir. Bununla yanaşı, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları üçün də şərait yaradılıb və onlar mərkəzdən istifadə edirlər”.
Üzgüçülüyün faydalarından da danışan Ramin Talıbov bildirdi ki, müraciət edənlər bu barədə də məlumatlandırılırlar: “Üzgüçülük elə bir idman növüdür ki, bununla hobbi kimi məşğul olanlar belə, sağlamlıq baxımından heç vaxt əziyyət çəkmirlər. Üzgüçülük daha çox ağciyəri genişləndirir. Bu da astma xəstəliyinin yaxşılaşmasına səbəb olar. Bura gələnlərdən misal göstərə bilərəm ki, bir qrup uşaqlar 6 həftə davamlı olaraq üzgüçülüklə məşğul olmuş və astma, ağır nəfəsalma kimi xəstə­liklərə görə xəstəxanaya müraciət etməmişlər. Üzgüçülüklə davamlı məşğul olunarsa, bir il sonra öz möhkəm təsirini göstərər. Üzgüçülük aerobik bir idman olduğu üçün diabet xəstəliyi riskini azaldır. Nəticədə, insan bədənində olan əlavə çəkilər atılır. Həmçinin sümük, oynaq və əzələ problemi olan şəxslər üzməklə fizioloji problemlərdən azad ola bilərlər. İndi mərkəzdə vətəndaşların rahatlığı üçün hər bir şərait yaradılıb”.
Şərur Olimpiya-İdman Kompleksinin nəzdində olan üzgüçülük mərkəzinə də müraciət edənlərin sayı artıb. Kompleksdə bu gün yaradılan şəraitdən vətəndaşlar maksimum istifadə edirlər. Burada suyun təmizliyinə diqqət yetirilir. Bu da üzgüçülərin sağlamlığı üçün başlıca şərtlərdən biridir.
Bu gün Naxçıvandakı digər bir üzgüçülük hovuzu “Duzdağ” otelində fəaliyyət göstərir. İsti yay aylarında komplekslərlə yanaşı, bura müraciət edənlərin də sayı az deyil.
Son olaraq deyək ki, həkimlər hər zaman üzgüçülüyün insan sağlamlığı üçün vacib bir amil olduğunu vurğulayırlar:
- üzərkən əzələ qrupları birlikdə fəaliyyət göstərir. Bədənə düşən yükü və enerji sərfini bərabər paylaşdıraraq əzələ və oynaqların yüklənməsinin qarşısını alır;
- suyun içində sümük və oynaqlar daha da rahatlaşır. Bu səbəbdən də üzərkən bədən sərbəstlik və elastiklik qazanır;
- bir çox hallarda ürək xəstələrinə qan təzyiqini artıracaq, ürəyi gərginləşdirəcək fiziki fəaliyyətdən uzaq durmaq tövsiyə olunur. Amma üzmək ürək çatışmazlığından əziyyət çəkən xəstələr üçün ideal idman növü hesab edilə bilər;
- üzmək nəfəs sürəti və dərinliyini inkişaf etdirərək astma xəstələrinin vəziyyətində irəliləyişə səbəb olur. Üzgüçülük astma xəstələri üçün ən uyğun idman növü olaraq məsləhət görülür;
- üzərkən bütün əzələ qrupları işləyir və bədənin zərərli əlavə yağ ehtiyatı, ümumən, yox olmuş olur. Bu zaman insulin hüceyrələrinin həssaslığı artır və diabet riski azalır;
- üzmək nəfəsi qüvvətləndirməklə qan və hüceyrələrdəki oksigenin miqdarını artırır;
- üzmək bütün əzələ və bədən üzvlərini hərəkətə keçirərək ürəyi təmiz qan axını ilə təmin edir.
Gəlin üzgüçülüklə məşğul olaq.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR