Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Uşaq Bərpa Mərkəzinin idman zalında sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə boccia idman növü üzrə yarış keçirilib.
Sonda hаkimlər hеyəti yarışın qaliblərini müəyyən edib. Qaliblər mükafatlandırılıb, digər yarış iştirakçılarına isə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Paralimpiya Federasiyasının nəzdində Uşaq Paralimpiya Klubunun yaradılması məqsədilə cari ilin may ayında boccia idman növü üzrə bölmə fəaliyyətə başlayıb. Bölməyə cəlb olunan uşaqlarla ilk məşqləri federasiya tərəfindən dəvət olunan Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin boccia idman növü üzrə baş məşqçisi aparıb.
Xəbərlər şöbəsi