Bakı şəhərində VKC növləri üzrə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib. Azərbaycan Karate Federasiyasının təşkil etdiyi turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 5 idmançısı mübarizə aparıb.
İdmançılarımız turnirdə uğurlu nəticə əldə edərək 3 medal qazanıblar. Belə ki, ən uğurlu nəticəni 14-15 yaş qrupunda, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərcan Məmmədov göstərib. O, yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalçısı olub. 10-11 yaş qrupunda, 30 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Vüsal Seyidov və bu yaş qrupunda 35 kiloqram çəki dərəcəsində iştirak edən Məhəmməd Şıxəlili üçüncü yerə çıxıblar.
Bu turnirlə yanaşı, Bakı şəhərində Azərbaycan Karate Federasiyasının “Arpaçay” Karate Klubunun birinci açıq birinciliyi də keçirilib. Bu birincilikdə də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 5 idmançısı iştirak edib. Bunlardan 12-13 yaş qrupunda, 33 kiloqram çəki dərəcəsində mübarizə aparan İmran Həsənov bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıb. 10-11 yaş qrupunda, 30 kiloqram çəki dərəcəsində isə Vüsal Seyidov üçüncü olub.
Sonda hər iki yarışda yer tutan idmançılarımıza diplom və medallar təqdim olunub.
Xəbərlər şöbəsi