İdmanın insan həyatında mühüm rol oynadığını yaxşı bilirik. Bu sahəyə istər peşəkar, istərsə də hobbi kimi yanaşanlar heç vaxt peşmançılıq hissi keçirməyiblər. Ancaq bir məsələni xüsusi vurğulamaq istəyirik ki, idman insan sağlamlığına müsbət təsir göstərdiyi kimi, onun psixoloji durumunu da tənzimləyir. Bu sahə ilə məşğul olanlar və olmaq istəyənlər hansı növə yönələcəklərini, adətən, öz bədən quruluşlarına, həmçinin maraqlarına görə seçirlər. Bəs insan doğulduğu aya görə hansı idman növünü seçə bilər? Aparılan araşdırmalardan sonra maraqlı nüanslar ortaya çıxıb...
Yanvar ayında doğulan insanların yaş fərqlərinə görə seçdikləri idman növləri də fərqlidir. Bu ayda dünyaya göz açanlar bitmək-tükənmək bilməyən enerjiyə sahibdirlər. Məhz buna görə alimlər yanvar ayını “döyüşçü” ayı adlandırırlar. Seçilən idman növləri isə fərqlidir. Məsələn, 14-19 yaş arası gənclər daha çox fərdi idman növlərinə – taekvandoya, güləşə üstünlük verirlər. Nisbətən yaşa dolmuş insanlar isə komanda idmanlarında müvəffəqiyyətə nail olurlar. Yəni yanvar ayında doğulan və idmanla məşğul olan insanların 62 faizi idarəçilik bacarığına malik olur və komanda idmanlarına üstünlük verirlər.
Fevral ayının soyuq olması bu ayda doğulan insanların su idman növlərinə olan marağını azaltmır. Bəzən bu ayda doğulan insanları soyuqqanlı hesab edirlər. Lakin onların suya olan marağı alimlərin də diqqətini cəlb edib. Aparılan araşdırmalardan sonra məlum olub ki, bu ayda doğulan və idmanla məşğul olan, bu sahəyə maraq göstərən insanların 50 faizdən çoxu üzgüçülüyə, buz konkisinə, rəqsə, gimnastikaya və aerobikaya maraqlıdır.
Mart ayında dünyaya göz açan insanlar daha çox əyləncəni sevən təbiətə malikdirlər. Məhz buna görə onlar təbiətlə təması olan idman növlərinə maraq göstərirlər. Sıx meşədə qaçmaq, velosiped sürmək, avtoyarışlar və üzgüçülük bu ayda doğulanların sevimli idman növləridir.
Aprel ayında təbiətin oyanması insanların əhval-ruhiyyəsinə də təsir edir. Bu ayda doğulan insanlar sürətli və hərəkətli idman növlərindən zövq alırlar. Maraqlısı odur ki, zövqü onlar yalnız bu idman növlərini izləməkdə görürlər. Məsələn, tennis, aerobika, rəqs növləri bu ayda doğulan insanların xüsusi seçimidir. Həmçinin aprel ayında doğulanlar ağır, lakin hərəkətli olan kikboksinqlə, ağır atletika ilə məşğul olmağa üstünlük verirlər.
May ayında doğulan insanlar elm və təhsilə üstünlük verdiklərindən daha çox zəka sərf edilən idman növlərinə maraq göstərirlər. Onlar üçün şahmat bu idman növlərinin önündə gəlir. Maraqlısı odur ki, onlar həmçinin güc tələb edən güləşlə məşğul olmağı da sevirlər.
İsti yay aylarında su idman növləri daha çox maraq kəsb etdiyi halda, iyun ayında dünyaya göz açan insanlar daha çox soyuq havada məşğul olunan növlərə maraq göstərirlər. Onlar üçün xokkey, soyuq havada dağda xizək sürmək daha çox maraq kəsb edir. Həmçinin bu ayda doğulan insanlar hobbi kimi atıcılıq və ekstrem növlərlə məşğul olmağı sevirlər.
Yay aylarında dünyaya göz açan insanların ilk növbədəki seçimi kollektiv idman növləridir. Eyni zamanda su elementlərini sevən iyul ayının insanları avarçəkmə, üzmək, qaçış növlərinə daha çox maraq göstərirlər. Araşdırmalar göstərir ki, iyul ayında doğulan insanların 60 faizdən çoxu futbol, basketbol və voleybolla maraqlanmağa üstünlük verirlər.
Avqust ayında da doğulan insanlar xarakter baxımından iyul ayında dünyaya gələn insanlara oxşayırlar. Onların da seçimi məhz kollektiv növlərdir. Kollektiv növlərlə məşğul olmağı üstün tutan bu insanlar daha çox fərdi növün idman yarışlarına baxmağı seçirlər. Məsələn, güləş, tennis, cüdo.
Bir az nizamlı, bir az çox şeyi bəyənməyən, bir az da formada qalmağı sevən sentyabr ayında doğulan insanlar daha çox zal idmanlarına üstünlük verirlər. Məsələn, araşdırmalar göstərir ki, bu insanlar üçün gimnastika, yüngül atletika bütün idman növlərindən yüksəkdə durur. Həmçinin tennis (stolüstü və örtülü manej), fitnes də bu ayda doğulanların sevimli idman növləridir.
Oktyabr ayında doğulan insanların idmana marağı hədsiz dərəcədə çox olsa da, bir qədər tənbəldirlər. Bütün idman növlərini sevən bu insanlar nədənsə idman etməyə vaxt ayıra bilmirlər. Lakin kollektiv idman növlərindən futbol və basketbolu mütəmadi olmasa da, arada oynamağı sevirlər.
Rəqabəti sevən və daim qalib gəlmək istəyən noyabr ayında doğulan insanlarda bir xüsusiyyət diqqətdən yayınmır. Onlar məğlub olduqları halda belə, sevdikləri idman növlərini tərk etmirlər. Bu ayda doğulan insanlar fərdi növlərə daha çox “bel” bağlayırlar. Boks, karate, qaydasız döyüş bu ayda doğulanlara xüsusi zövq verir.
İlin son ayında dünyaya gələnlər bir qədər pessimist fikirli olurlar. Buna baxmayaraq, onlar sürətli və ritmik idman növlərini sevirlər. Məsələn, bu ayda doğulan və idmana maraq göstərən insanların yarıdan çoxu yüngül atletika, gimnastika, futbol, voleybolla məşğul olmağa üstünlük verirlər.
Ceyhun Məmmədov