22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına yekun vurulub.
Sentyabr ayının sonlarında start götürən və 10 komandanın ikidövrəli mübarizə apardığı çempionatın qalibi “Araz-Naxçıvan” futbol komandası olub. “Qırmızı-ağlar” mövsümün ilk görüşündə Naxçıvan Dövlət Universitetinin komandasına uduzsalar da, bu, onların il ərzində ilk və tək məğlubiyyətləri olub. Keçirdikləri 18 oyunun 16-da meydanı 3 xalla tərk edən “Araz-Naxçıvan” bir görüşdə “sülh”ə imza atıb. “Qırmızı-ağlar”ı mövsüm ərzində “DİN Darıdağ” futbol komandası izləsə də, sonda həmin komanda rəqiblərindən 6 xal geridə qalaraq, mövsümü ikinci pillədə başa vurub. Əslində, “DİN Darıdağ”ın cari ildə çıxışını müsbət qiymətləndirmək olar. Lakin komandanın hər iki görüşdə liderə məğlubiyyəti qəbuledilən olsa da, səfərdə gözlənilmədən “Əlincə” komandası ilə matçda meydanı xalsız tərk etməsi mövsümün sürprizlərindən biri olub.

Mövsümün ilk turunda “Araz-Naxçıvan”ı məğlub edən Naxçıvan Dövlət Universitetinin komandası çempionata iddialı başlasa da, sonradan üzləşdiyi məğlubiyyətlər onu liderlikdən uzaqlaşdırıb. Xüsusilə mövsüm ərzində keçirilən hər iki görüşdə “DİN Darıdağ” komandasına, gözlənilmədən “Batabat” və “Arpaçay” komandalarına minimal hesablı məğlubiyyətlər tələbələri çempionatın yalnız üçüncüsü edə bilib.
Geridə qalan mövsümü “Batabat” komandası üçün uğurlu hesab etmək olar. Üç liderdən geri qalan Şahbuz futbolçuları əzmkar mübarizələri nəticəsində mövsümü dördüncü pillədə başa vurublar. “Batabat” komandasında nəzərəçarpan məqam isə onların səfər matçlarında daha çox xal qazanmaları olub. Eyni zamanda Şahbuz təmsilçisi mövsümü heç-heçə etmədən başa vuran iki komandadan (“Kəngərli” ilə birgə) biridir.
Hər il olduğu kimi, geridə qoyduğumuz bu mövsümdə də turnir cədvəlinin son 2 pilləsində “Kəngərli” və “Sədərək” komandaları “qərarlaşıblar”. Kəngərli təmsilçisinin mövsüm ərzində yaddaqalan qələbəsi “Babək” komandası üzərində olub. Sədərəklilər isə “Əlincə”ni məğlub ediblər.
Bu məğlubiyyətlərə baxmayaraq, mövsümün ən çox feyr-pley qaydalarına riayət edən komandası məhz “Sədərək” olub. Onlar il ərzində cəmi 6 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırılıblar. Onları bu siyahıda 8 sarı, 3 qırmızı vərəqə ilə “Batabat” komandası izləyir. Mövsüm ərzində hakimlərin ən çox qəzəbinə tuş gələn komanda isə “Araz-Naxçıvan” olub. Hakimlər “qırmızı-ağlar”ın futbolçularına 18 oyun ərzində 21 sarı, 2 qırmızı vərəqə göstəriblər. Düzdür, bu baxımdan NDU və “Babək” komandalarını da “fərqləndirmək” olar. Referilər mövsüm ərzində müvafiq olaraq ən çox qırmızı vərəqələri bu komandaların futbolçularına göstəriblər – 4 və 5.
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının 2015-2016-cı il mövsümünün ən məhsuldar futbolçusu adını “DİN Darıdağ” komandasının hücumçusu Mahir Babayev qazanıb. O, mövsüm ərzində rəqib qapılarından 15 top keçirib. İkinci və üçüncü pillələrdə isə “Araz-Naxçıvan”ın hücumçuları – Tağı Seyidov və Samir Kərimov qərarlaşıblar. Onların hər ikisi 12 qol vurub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR