22 Dekabr 2024, Bazar

Yay fəslinin gəlişi insanın orqanizmində müəyyən dəyişikliklərin yaranmasına səbəb olur. Adətən, isti aylarda insanlar idmana daha çox meyil edirlər. Bunun bir sıra səbəbləri var: çəki salmaq, formada qalmaq, qışda hər hansı bir xəstəliklərdən qorunmaq və sair. Bu zaman ortaya bir sual çıxır: yay aylarında açıq havada edilə biləcək əsas məşqlər hansılar ola bilər və ya hansı idman hərəkətləri vacibdir? Vəziyyətimizə və zövqümüzə əsasən tətbiq edəcəyimiz, ən əsası ürək fəaliyyətimizin normada olması üçün açıq havada bəzi məşqlərlə qısa müddət ərzində idmana adaptasiya ola bilərik.
İlk olaraq yayda idman zalına getmədən və ya hər hansı idman alətinə ehtiyac duymadan açıq havada kalori yandıraraq bədən quruluşunu formada saxlamaq olar. Açıq havada oksigenin pozitiv enerjisi idman məşqlərinin bədənimizə təsir dərəcəsini də artırır. Nümunə olaraq 30 dəqiqə gəzinti, yüngül tempdə qaçış, velosipedsürmə, üzmə kimi hərəkətləri göstərmək mümkündür. Açıq havada bədənin formada qalması, artıq çəkilərdən uzaq olmaq və sağlamlığı qorumaq üçün, adətən, aşağıdakı məşqlər məsləhət görülür.
Pilləkənlərlə çıxıb-düşmə. Bu, ayaq əzələlərimizi çalışdırdığımız zaman həmçinin yağ yandırmağımızı da təmin edəcək bir idman hərəkətidir. Bunu 15-30 dəqiqə etmək kifayətdir.
Kürək hərəkəti. Bu hərəkət kürək əzələlərini inkişaf etdirir. Hərəkəti yerinə yetirmək üçün yerə üzüüstə uzanmaq və əlləri yerə dəyəcək şəkildə irəli uzatmaq lazımdır. Ayaqları düz vəziyyətdə pozmadan yuxarı qaldırıb saxlamaq kürək əzələlərini inkişaf etdirir. Bu, eyni zamanda onurğa sütununun düz qalmasına da müsbət təsir göstərir.

Dirsək-diz hərəkəti. Bu hərəkət zamanı arxası üstə uzanmaq və ayaqları 90 dərəcədə masa vəziyyətinə gətirmək tələb olunur. Əllər üst-üstə birləşdirilib boyunun arxa tərəfinə qoyulur. Onurğanı sağa döndərərkən çarpaz, yəni sol dizi sol dirsəyə yaxınlaşdırmaq, sağ ayağı irəliyə doğru 45 dərəcə bucaq altında uzatmaq lazımdır. Diz və ayaqlar tam tərs istiqamətdə olmalıdır. Bu hərəkət daxildəki qarın əzələlərini və eyni zamanda yan qarın əzələləri olan maili əzələləri də çalışdırır.
Edilən hərəkətlər zamanı bəs nələrə daha çox diqqət yetirilməlidir? İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Həkimlər tərəfindən sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər. Yəni insan düzgün və sağlam qidalanma sayəsində fiziki imkanlarını da artıra bilər. Qidalanma karbohidratlarla zəngin olmalı, lif miqdarı yüksək qidalar üstünlük təşkil etməlidir. Yetərli və balanslı qidalanma olarsa, əlavə vitamin və mineral istifadə etməyə ehtiyac yoxdur.
Yay aylarında gün ərzində istehlak edilən suyun miqdarı da məşqə təsir göstərir. İsti havada gündə ən az 10-15 stəkan su içilməlidir. Acqarına idman edilməməlidir. Məşqlər gərgin olacaqsa, əsas yemək məşqdən 3-4 saat əvvəl, ən gec 1 saat əvvəl yeyilməlidir. Qüvvə tələb edən idman növlərində qidalanmada zülalın artırılması əzələ kütləsinin artmasına da təkan verə bilər.
Yay aylarında idman edərkən insan gündəlik rejiminə fikir verməlidir. Bu əsnada yuxu çox vacib hesab olunur. Məhz gecə saatlarında insanın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan insanların immun sistemi rahat yatanlardan nisbətən daha ləng şəkildə formalaşır. Odur ki, natamam istirahət, yüksək fiziki, əqli və emosional yüklənmələr insanlarda yorulmaya, stresə səbəb olur.
Yay aylarında immunitetin yüksəldilməsi üçün yalnız həkim tərəfindən məsləhət görülən xüsusi preparatlardan başqa, təbii əsaslara malik olan və orqanizmin müdafiə qüvvəsini yaxşılaşdıran dərman preparatlarından istifadə edilməlidir.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR