Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kişilər arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi turnir 2 gün davam edib.
Muxtar respublika turnirində “Naxçıvan”, “Şərur”, “Babək”, “Ordubad”, “Culfa”, “Şahbuz”, “Sədərək” və “Kəngərli” komandaları birincilik uğrunda mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən turnirin yarımfinal mərhələsində “Şərur” komandası “Şahbuz”u (3:2), “Sədərək” komandası isə “Culfa”nı (3:0) məğlub edərək finala yüksəliblər.
Dünən turnirdə ilk olaraq meydana üçüncü yer uğrunda Şahbuz və Culfa voleybolçuları çıxıblar. Daha inamlı oyun sərgiləyən culfalılar meydanı quru hesablı qələbə ilə tərk ediblər – 3:0. Final görüşü isə daha gərgin idman mübarizəsi şəraitində keçib. “Sədərək” komandasının üzvləri şərurlu həmkarlarını məğlub etməkdə çətinlik çəkiblər. 3:1 hesablı qələbə nəticəsində “Şərur” komandası turnirin qalibi olub.
Sonda qalib komandalara diplom və hədiyyələr verilib.
Ceyhun Məmmədov