22 Dekabr 2024, Bazar

Elə peşə sahibləri var ki, necə deyərlər, onların gecəsi-gündüzü yoxdur. Yəni onlar üçün iş vaxtı məfhumu şərtidir. Həmin insanlar öz vəzifə borclarını gecə saatlarında da yerinə yetirirlər. Yəqin ki, kimlərdən bəhs etdiyimi bildiniz – təhlükəsizliyimizin, sağlamlığımızın keşiyində dayanan insanlar. Böyük hörmətə, ehtirama layiq olan bu peşə sahiblərini hamımız tanıyırıqmı? Bilirikmi ki, biz gecə şirin yuxuda olarkən onlar qışın şaxtasına, yayın istisinə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Gəlin onların bəziləri ilə tanış olaq.

Təhlükəsizliyi, sabitliyi bizim üçün yaradan qurumlardan biri Daxili İşlər Nazirliyidir. İnsanlar üçün narahatlıq yarada biləcək hər hansı xoşagəlməz hadisənin baş vermədən aradan qaldırılmasını təmin edənlər sırasında nazirliyin tabeliyində olan qurum əməkdaşlarının fəaliyyəti yüksək səviyyədə təqdirolunasıdır. Nazirliyin gecə saatlarında fəaliyyət göstərən Növbətçi hissələri idarəetmə xidməti şöbə səlahiyyətli strukturdur.

Xidmətin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədovla söhbətimizdə deyir ki, xidmət muxtar respublikada əməliyyat şəraitinə effektiv nəzarəti, nazirliyin qüvvə və vasitələrinin operativ idarə olunmasını təmin edir, daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirir. Xidmətin strukturuna növbətçi hissə, “102” xidməti və komendant manqası daxildir. Xidmət sistemin fəaliyyəti hazırlanan, törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirir. Eyni zamanda polis əməkdaşlarının hadisə yerinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis müvafiq ünvana istiqamətləndirilməsini təmin edir, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirir.
Birbaşa “102” xidmətinə edilən müraciətlər isə qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompüter şəbəkəsilə təxirə salınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir.
Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən Daxili İşlər Nazirliyi vətəndaşlardan cinayət və hadisələrə dərhal və qısa müddətdə qanunauyğun tədbirləri görür, müraciətlər üzrə mənfi halları aradan qaldırır.
Son illərdə Naxçıvan deyəndə, sözün həqiqi mənasında, ilk anda ağlımıza təhlükəsiz bir şəhər, təhlükəsiz bir məmləkət gəlir. Bu təhlükəsizliyin təmin olunması üçün çalışanlar sırasında isə adıçəkilən nazirliyin Mühafizə şöbəsinin əməkdaşları da var. Şöbənin rəisi, polis mayoru Nicat Ələkbərovun sözlərinə görə şöbə mühüm strateji obyektlərin mühafizəsini həyata keçirir. Şöbənin Naxçıvan şəhərində 35, muxtar respublika ərazisində isə, ümumilikdə, 46 xüsusi mühafizə olunan ərazisi mövcuddur. Mühafizə şöbəsinin əməkdaşları gecədən səhərədək fəaliyyətlərini davam etdirirlər. Onlara həvalə olunmuş obyektlərdə çalışanlar şöbə əməkdaşlarının fəaliyyətindən razılıqla danışdılar.
Xidmət əməkdaşları tərəfindən bütün mühafizə olunan ərazilərə baş çəkilir. Post növbətçisi ilə ərazidə təlimatlandırılma və ərazinin yoxlanması işini də həyata keçirən Mühafizə şöbəsinin əməkdaşları bunun üçün ayrılmış xüsusi avtomobil vasitəsilə reydlərini davam etdirirlər. Bir komandir və bir sürücüdən ibarət reyd heyəti xidmətinin iş vaxtı gecə saat 12-dən səhər saat 8-ə kimidir.
Təhlükəsizliyimizin keşiyində duran digər böyük qurumlardan biri isə Fövqəladə Hallar Nazirliydir. Nazirlikdə və tabeliyindəki qurumlarda faktiki olaraq 20-dən çox şəxs xidmət aparır.
Burada olarkən öyrəndik ki, nazirliyin “112” qaynar xətti fasiləsiz çalışır. Bu qaynar xəttə zəng etməklə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür. Gecə ərzində 4 dispetçer xanım gələn zəngləri cavablayır və daxil olan müraciətlə bağlı müvafiq bölməyə operativ məlumat göndərir. Onu da qeyd etmək yerinə düşər ki, belə işdə zərif cinsin də nümayəndələrini görmək xeyli qürurvericidir. Onlardan biri gizir Pəri Zeynalova yaradılmış şəraitdən xeyli razılıq etdi. Məsuliyyətli bir vəzifənin yerinə yetirilməsində heç bir çətinliyin olmadığını bildirdi.
“112” qaynar xəttinin rəisi, kapitan Gülnar Seyidzadə deyir ki, burada qurulan sistem “112” qaynar xətt mərkəzi ilə Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin əməliyyat növbətçi hissəsi arasında mütəmadi videokonfrans əlaqəsinə şərait yaradır. Növbətçi hissənin zabitləri qurulan sistem vasitəsilə baş verən hadisələrin təhlili, müvafiq yönləndirilmə və məlumatlandırma işini görürlər. Burada qurulan böyük ekran vasitəsilə muxtar respublika ərazisində mövcud olan obyektlər, onların quruluşu və digər məlumatları izləmək, baş verən hadisəyə müdaxiləni asanlaşdırmaq mümkündür.
Nazirliyin strukturuna daxil olan Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” qaynar xətti də gecələr gücləndirilmiş rejimdə çalışır. Burada növbədə olan 85 nəfərdən çox şəxsi heyət baş verə biləcək hər hansı bir yanğın hadisəsi zamanı ən qısa müddətdə texnikalar da daxil olmaqla bir dəqiqə ərzində çıxış imkanına malikdir.

Gecə saatlarında xidmətini uğurla davam etdirən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi növbəti yollandığımız ünvan oldu. Növbətçi həkim Zəka Əlisoy bildirdi ki, burada müalicə alanlara qulluq göstərən 3 növbətçi həkim, 3 tibb bacısı və feldşer, 2 sanitar və 3 sürücü hazırda, necə deyərlər, iş başındadırlar. Növbətçi olan tibbi personal ayıq-sayıq şəkildə əhalinin sağlamlığına xidmət edir. Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün zənglər zamanında cavablandırılır, müvafiq qeydiyyat aparıldıqdan sonra dərhal tibbi heyət ünvana göndərilir. Yerində xidmət göstərildikdən sonra əgər xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilərsə, dərhal gətiriləcəyi ünvan Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Yardım xidməti olur.
Gecə saatlarında ayıqlığı əldən verməyən “Naxçıvanqaz” İstehsalat Birliyinin “104” qaynar xəttli Qaz qəza xidmətinin əməkdaşları biz ünvana çatanda çağırışdan yeni qayıtmışdılar. Əməkdaşlar baş verə biləcək qəzalara dərhal müdaxilə etmək üçün həmişə hazırdırlar. 10 nəfərə yaxın heyətin növbətçi olduğu gecə saatlarında eyni anda baş verən bir neçə qəzanı aradanqaldırma imkanları da var. Daxil olan növbəti çağırışla xidmət əməkdaşları dərhal hadisə yerinə yollanırlar.

İnsanların rahatlığının təmin edilməsi məqsədilə gecə saatlarında çalışan daha bir kollektiv üzvləri haqqında danışmamaq düz olmaz. Onlar Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarıdır. Lazımi təchizatla təmin edilən şəbəkə əməkdaşları da qaynar xəttə daxil olan məlumat əsasında hadisəyə dərhal müdaxilə etmək imkanına malikdirlər. Rahat avtomobillə təmin edilən xidmət əməkdaşları bir növbətçi, bir sürücü və bir nəfər elektrik ustası ilə birlikdə bir vaxtlar üzünə həsrət qaldığımız elektrik enerjisinin nəqlinin fasiləsizliyi, həm də insanların təhlükəsizliyi üçün gecəni gündüz sayırlar.
Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində taksi fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra nailiyyətlər əldə olunub. Taksi fəaliyyəti göstərən avtomobillər üçün vahid dizaynın müəyyən edilməsi, sürücülərin vahid geyim forması ilə təmin olunması, avtomobillərin təmizliyinə və texniki vəziyyətinə nəzarətin artırılması bu baxımdan, xüsusilə diqqətəlayiqdir. Bu işlərin davamı olaraq muxtar respublika rəhbərinin tapşırığına əsasən əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətin təmin edilməsi məqsədilə innovasiyaya əsaslanan elektron taksi xidməti yaradılıb. Yalnız Naxçıvan şəhərində günün istənilən vaxtında, 24 saat ərzində “288” nömrəsinə zəng vurmaqla taksi sifariş edə bilərik. Elektron taksi xidməti funksiyasını rahat şəkildə icra edən proqram təminatı hazırlanıb, proqrama tariflər, yol xəritələri, ünvan adları və digər lazımi məlumatlar daxil edilib. Proqram vasitəsilə sifarişin dəyərinin avtomatik hesablanması, sifarişlərin sürücülər arasında paylanması, tariflərin rahat tənzimlənməsi işi həyata keçirilir ki, bu da sürücü və sərnişin arasında şəffaflığa şərait yaradır, sərnişinin etibarlı şəkildə mənzilbaşına çatdırılmasını təmin edir.

Və budur, sübh azanı oxunur. Şəhərdə firavanlıq, sakitlik hökm sürür. Səhərin bu çağında öz evlərindən çıxan insanlar vəzifə borclarını yerinə yetirmək üçün rahat və təhlükəsiz şəkildə iş yerlərinə tələsirlər. Sağlamlığımızın keşiyində dayananlar, təhlükəsizliyimizi qoruyanlar isə hələ də iş başındadırlar. İnsan amilinə diqqətin daim ön planda saxlanıldığı diyarımızda peşəsinə bağlı və işinin öhdəsindən peşəkarlıqla gələn bu insanlar günün saatından asılı olmayaraq, öz xidmətlərini uğurla davam etdirirlər. Bizə isə bu firavan şəraiti yaradanlara minnətdar olmaq, belə xoş günlərin qədir-qiymətini bilmək, böyük inkişafa kiçik də olsa, töhfə vermək naminə çalışdığımız sahədə əlimizdən gələni əsirgəməmək qalır...

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR