Elmi mənbələrdən və etnoqrafik materiallardan aydın olur ki, Azərbaycan xalq bayramları qədim tarixə malikdir. Daim maldarlıq və əkinçiliklə məşğul olan xalqımızın həyatında təbiət hadisələrinin, xüsusən ilin fəsillərinin rolu böyük olub. Qışın bitməsi, yazın gəlişi ilə təbiətdə baş verən canlanma qədim insanın məişətində bayram mərasimi doğurub. Bu mənada, Azərbaycanın milli-mənəvi mədəniyyətinin ən qədim və zəngin tarixə malik ənənələrindən biri, bəlkə də, birincisi Novruz bayramıdır.
Ata-babalarımızdan bizə yadigar qalan, milli ruhumuzu özündə əks etdirən Novruz bayramı muxtar respublikamızın ayrı-ayrı bölgələrində də yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Elimizdə-obamızda bahar bayramı öncəsi insanların xüsusi hazırlıqları hər il eyni dövrə təsadüf edir. Təsərrüfatda qızğın işlərə start verilir, evlərdə təmizlik aparılır, qabaqcadan bayram süfrələrinin hazırlanmasına başlanılır. Bu bayrama insanlar hələ mart ayı ilk qədəmlərini qoyandan hazırlıq görürlər. Novruz gününə aparan yol dörd ünsürü özündə ehtiva edən çərşənbələrdən keçir. Bunlar Su, Torpaq, Yel və Od çərşənbələridir.
Novruzun gəlişinə, xüsusilə kənd yaşayış məntəqələrində geniş hazırlıq işləri görülür. Belə ki, insanlar həm evlərdə, həm də həyət-bacada bayram tədarükü ilə məşğul olurlar. Erkən yazda bağlarda, əkin sahələrində becərmə işləri görülür. Çünki meyvə bağları vaxtında budanıb, ağac dibləri belləndikdə və suvarıldıqda yaxşı məhsul hasil olur. Elə hazırlıqların bayrama qədər başa çatdırılması da buna görə lazımdır. Ağacların çiçəklənməsi, quşların budaqlarda ötməsi insana stimul verir, təmiz yaz havası kənd həyatında bir başqadır. Səmimiyyətlə qeyd etsək, bayrama hazırlıqla bağlı qadınların üzərinə daha “ağır yük düşür”. Çünki Novruz ərəfəsi hazırlıqlarından biri də süfrələrin, bayram nemətlərinin zərif əllərin bəzək vurduğu şəkərbura, paxlava və digər şirniyyatların hasilə gətirilməsidir.
Yeri gəlmişkən, bir az da Novruz süfrəsi, xörəkləri və şirniyyatlarından danışaq. Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Buna el arasında “yeddiləvin” deyirlər. Bu nemətlər bölgələrə görə dəyişir. Məsələn, bir çox yerlərdə insanlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun, – deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincan içərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Ümumiyyətlə, 7 rəqəmi azərbaycanlıların düşüncəsinə görə, müqəddəs olduğundan süfrədə 7 cür xörək və ya 7 cür şirniyyatın olması xalqımız tərəfindən vacib sayılır. Bayram günü hazırlanan şirniyyatlara şorqoğal, şəkərbura, paxlava, badambura kimi milli mətbəx nümunələrimiz aiddir. Bayram süfrəsini, xüsusilə gəlin-qızlarımızın nazını çəkə-çəkə yetişdirdiyi səməni və onun ətrafını bəzəyən rənglənmiş yumurtalar da əhatə edir. Bu da inanca görə, canlı aləmin yaranışına işarədir. Yumurta, adətən, qırmızı rənglə boyanır. Çünki qırmızı rəng bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümü kimi qəbul edilib. Analar səməni yetişdirir, xonçalarda bahar, yaşıllıq rəmzi olan səməninin yanında şam yandırır və səməniyə həsr edilmiş mahnılar oxuyurlar: Səməni, saxla məni, ildə göyərdərəm səni. Səməni, sazana gəlmişəm, uzana-uzana gəlmişəm. Qoy yeni baharda hər şey təmiz olsun, – deyərək evlərdə, həyət-bacalarda yır-yığış edilir, adamlar təzə paltarda küçəyə çıxır, yasda olan ailələri yasdan çıxarırlar. İlaxır çərşənbədən öncəki həftənin cümə axşamı “Qara bayram” olur ki, həmin gün hər kəs öz doğmalarının məzarlarında təmizlik işləri aparır, onları ziyarət edirlər. Bu il xalqımızın ellikcə ziyarət edəcəkləri müqəddəs ünvanlar isə Vətən uğrunda öz canlarından keçərək bizə Qələbə sevincini yaşadan, ömürlərinin baharına qıyıb bizə əbədi bahar səadəti nəsib edən əziz şəhidlərimizin məzarları olacaq.
Adətə görə, hər kəs Novruz bayramını öz evində qeyd etməlidir. Əks- təqdirdə həmin şəxs 7 il bayram axşamı evində ola bilməyəcək. Novruzun əsas tələblərindən biri də küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, həmrəyliyə dəvət olunması deməkdir. İlaxır çərşənbədə və bayram günündə qeybətə yol verməmək və yalnız xoş sözlər danışmaq tövsiyə olunur. Çünki həmin günü cavan oğlan və qızlar ürəklərində arzu tutaraq qulaq falına, yəni qonşuların etdiyi söhbətə gizlincə qulaq asmağa gedərlər. İnanca görə, pusulan qapıdan ilk eşidilən sözdən arzulanan niyyətin baş tutub-tutmayacağı bəlli olur. Əgər qulaq asan şəxs xoş söz eşidərsə, onun da arzusu yeni ildə yerinə yetəcək.
Novruzun unudulmayan ənənələrindən biri də uşaqların qohum-qonşuya papaq atmasıdır. Papaqatma, adətən, sonuncu – Od çərşənbədə həyata keçirilən ritualdır. Papaq atılan evdə onu bayram nemətləri ilə doldurur və sahibinə qaytarırlar. Təbii ki, bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar. Çünki Novruz maddi vəziyyətindən asılı olmayaraq, hər kəsin şənləndiyi bir bayramdır. Bayram günü bütün mənzillərin qapıları açıq olar. Səhərisi isə insanlar bir-birinin evinə gedərək bayramlarını təbrik edərlər. Bu il ölkəmizin, eləcə də, diyarımızın hər bir bölgəsində Novruz özünəməxsus adətləri, hazırlıqları və ən əsası yüksək əhval-ruhiyyə ilə, Qələbə sevinci ilə qeyd edilir. Qoy bu il 30 ilə yaxın bir zamandan sonra doğma Qarabağımızda, Şuşada, Cıdır düzündə, Laçında alovlanacaq bayram tonqalları xalqımıza əbədi sülh, sevinc, səadət nəsib etsin.
Gülcamal TAHİROVA